"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aviabiletlərə görə təklif etdiyi qiymətlər şirkətin göstərdiyi xidmətlərin keyfiyyətinə uyğundur.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aviabiletlərin qiymətlərinin baha olması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, çarter aviareyslərinə qiymətlər, adətən, daha aşağı olur: "Ola bilsin ki, Gürcüstan, Rusiya və digər ölkələrdən reyslər çarter reysləridir və buna görə də onlar standart reyslərdən daha ucuzdur. Aviareysin qiymətləri aviaşirkətlər tərəfindən müəyyən rəqəm və xərclər əsasında müəyyənləşdirilir. Bu, Azərbaycanda da baş verir. Hesab edirəm ki, AZAL-ın xərcləri çoxdur: yeni terminal tikildi, yeni təyyarələr alınır. Məsələn, təsəvvür edirsinizmi Gürcüstandan ucuz reyslərlə hansı təyyarələrlə uçurlar? AZAL-ın göstərdiyi xidmətlər digər şirkətlərin xidmətlərinin keyfiyyəti ilə müqayisə edilə bilməz. AZAL regionda qabaqcıl şirkətdir və onun xərclədiyi vəsaitlər müştərilərin hesabına bərpa edilir".

Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi çarter reyslərini təşkil etmələri üçün turizm firmalarını və aviaşirkətləri stimullaşdırmaq üzərində işləyir: "Müvafiq olaraq çarter reyslərində qiymətlər aşağı olacaq".

Milli.Az