İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının iş planı təsdiq edilib

İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının iş planı təsdiq edilib
15:18 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, struktur bölmələrinin və tabelikdə olan qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ildə qazanılan sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin enməsinin mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub.
Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti sosial-iqtisadi sahədə əldə edilmiş uğurları yüksək qiymətləndirib, bu uğurların daha da möhkəmləndirilməsi üçün qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın şaxələndirilməsi və institusional islahatların davam etdirilməsi, dövlət investisiyalarının dayanıqlı inkişafa və strateji sahələrə yönəldilməsi, daha səmərəli idarəetmə üsullarının tətbiqi, qeyri-neft sektorunun inkişafı, bu sahəyə xarici investorların cəlb edilməsi, iş yerlərinin yaradılması, işsizliyin azaldılması, əhalinin pul gəlirlərinin artırılması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edilməsi, "Cənub" qaz dəhlizi layihəsinin icrası, "Şahdəniz" yatağının işlənməsi, Ələtdə yeni dəniz ticarət limanının tikintisinin davam etdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın yük və sərnişin daşımaları sahəsində rolunun gücləndirilməsi barədə tapşırıqlar verib.
2014-cü ilin "Sənaye ili" elan edilməsinin ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi olduğunu qeyd edən və sənayenin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən Ş. Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən texnoparkların yaradılması, müasir texnologiyaların tətbiqi, texnoparklara və aqroparklara xarici investisiyalarıın cəlb olunması, yeni sənaye istehsallarının, sənaye məhəllələrinin yaradılması, metallurgiya kompleksinin tikintisi, hər bir sahədə təbii imkanlardan və resurslardan maksimum istifadə etməklə hazır məhsulun istehsal edilməsi, gəmiqayırma zavodunda kooperasiya işlərinin aparılması istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.
Dövlət başçısının sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunduğunu diqqətə çatdıran Şahin Mustafayev qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olacağını qeyd edib. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın və məhsuldarlığın artırılması, daxili bazarın daxili resurslar hesabına təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, iri fermer təsərrüfatlarının yaradılması və yaxın gələcəkdə ölkənin özünü buğda ilə tam şəkildə təmin etməsi, meliorasiya tədbirlərinin prioritet olaraq saxlanılması, kanalların çəkilməsi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması kimi mühüm vəzifələr müəyyənləşdirib.
Prezident çıxışında sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsini, güzəştli şərtlərlə kreditlərin verilməsini vəzifə olaraq qarşıya qoyub, sahibkarlara öz vəsaitlərindən istifadə etməklə real sektora sərmayə yatırmalarını tövsiyə edib.
Kollegiya sədri vurğulayıb ki, dövlətimizin başçısı tərəfindən, həmçinin sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, ünvanlı sosial yardım, məktəb, xəstəxana və kənd yollarının tikintisinin davam etdirilməsi, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması və evlərin tikilməsi, içməli su ilə bağlı olan layihələrin icrası, bu il ən azı 300 artezian quyusunun qazılması və azı 50 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması, qazlaşdırma, elektrik xətlərinin təmiri və çəkilişinə dair bir sıra vəzifələr müəyyənləşdirilib.
Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaqdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu ilin yayına qədər Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatdırılacaq, Zığ gölü bu il ərzində təmizlənəcək.
Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən dövlət strukturlarının məsuliyyətinin artırılması, israfçılığa yol verilməməsi, prioritet olmayan layihələrin maliyyələşdirilməməsi, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
İclasda, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid bir sıra normativ-hüquqi aktlar və 2015-ci il üçün kollegiyanın iş planı müzakirə olunaraq təsdiq edilib.
Kollegiya iclasının sonunda Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş nazirliyin bir qrup əməkdaşına medallar, fəxri adların döş nişanları və onların vəsiqələri təqdim olunub. Təltif olunan əməkdaşlar onlara göstərilən yüksək etimadı bundan sonra da doğruldacaqlarını bildirib, dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_ve_Senaye_Nazirliyinin_kollegiyasinin_is_plani_tesdiq_edilib-827016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR