Bakı, 23 yanvar, AzərTAc
Avstraliyanın www.ancient-origins.net portalında Azərbaycan ərazisindəki alban məbədləri haqqında məqalə yayılıb.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədə qədim Alban dövlətinin tarixi ərazisi barədə məlumat verilir. Albanların özlərinə məxsus zəngin mədəniyyət yaratdıqları diqqətə çatdırılır.
Məqalədə “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyin sədri Faiq İsmayılova istinadla bildirilir ki, Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində yerli alban mənbələri xüsusi önəmə malikdir. Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlayıb. Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı.
Məqalədə Alban dövrü abidələrinin əksəriyyətinin Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrumuzə qədər gəlib çatdığı vurğulanır.
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki alban məbədləri haqqında da məlumat verilir.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
http://www.ancient-origins.net/ancient-places-asia/early-temples-and-monuments-alban-people-ancient-azerbaijan-002593