Bakı, 15 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 15-də Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, DSX-nin nümunəvi hərbi orkestrinin ifasında dövlət himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.
DSX Akademiyasının döyüş bayrağı meydana gətirilib, Xidmətin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı” içiblər.
Tədbirdə gənc zabitlər çıxış edərək çətin, lakin şərəfli sərhədçi peşəsini seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildiriblər.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev vətənpərvərliyi və Ali Baş Komandana sadiqliyi ilə seçilən DSX-nin zabit heyətinə qəbul olunmaları münasibətilə gənc leytenantları təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb.
Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.