Naxçıvan, 15 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təlim-seminarlar təşkil edib.
AZƏRTAC xəbər verir ki, seminarları Bakı Şəhər Nitq İnkişaf Mərkəzinin defektoloq-loqopedi Esmira Kazımova aparır.
Təlim-seminara cəlb olunan defektoloji bölmənin müəllim-defektoloqlarına, bərpa mərkəzlərinin müvafiq mütəxəssislərinə, həmçinin serebral iflicli və autizm sindromlu uşaqların valideynlərinə “Uşaq serebral iflici və nitq” və “Autizm sindromlu uşaqlar” mövzuları tədris olunur, eyni zamanda defektoloji bölmədə reabilitasiyaya cəlb olunan sağlamlıq imkanları məhdud 38 uşaqla fərdi qaydada təlim-məşğələlər keçirilir.
Seminarların təşkilində məqsəd sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işinə məsul mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, valideynlərə övladları ilə davranış, ünsiyyət qurma bacarığının inkişafı və digər məsələlərə dair məsləhət xidmətinin göstərilməsi, nəticədə, bu kateqoriyadan olan uşaqların həyat və təhsil mühitinə inteqrasiyasına nail olmaqdır.
Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, kinekt və əmək terapiyası otaqları, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb. Defektoloji bölmənin, həmçinin bərpa mərkəzlərinin müvafiq mütəxəssislərinin iş təcrübəsinin artırılması daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə onlar müvafiq kurslara, həmçinin distant təlimlərə cəlb edilirlər.