MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir: "Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir."

Təbii ki, bu fikirlər ciddi arqument və faktlara əsaslanır. Bu reallığın mənzərəsi rəqəmlərdə də özünü göstərir. Bunun üçün Serj Sarkisyan hakimiyyətinin "nail olduğu" Ermənistandakı iqtisadi göstəricilərə nəzər salmaq kifayətdir.

Ermənistan xuntası xalq hesabına varlanır (FOTO)


Ermənilərin də dediyi kimi, ölkə iqtisadiyyatında son illərdə baş verən problemlər barədə, xüsusilə siyasəti, iqtisadiyyatı nəzərdən keçirib nəsə yazmaq çətin deyil. Ermənistanın Milli Statistika Xidmətinin "Ermənistanın sosial siması və kasıblıq” adlı hesabatında ölkə əhalisinin 1/4-nin kasıblıq həddində yaşayır. İstehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2014-cü ildə 35 faizə qədər yüksəlib. Bu ilin yarım ilində bu göstərici 40 faizə çatıb. Kasıblıq həddində olan təbəqədə 1,2 faiz, çox kasıb həddində olanlarda isə 1,5 faizdən çox artım müşahidə edilib.

Bu ölkədə əhalinin hər üç nəfərindən biri (33 faizi) kasıb hesab edilir. Onlardan 14,3 faizi kasıblıq həddinin altında, 3,7 faizi isə çox kasıb vəziyyətdədir. Rəqəmlərlə ifadə edildiyində isə bu o deməkdir ki, Ermənistanda 1 milyon nəfər kasıb, 500 min nəfər kasıblıq həddinin altında, 100 min nəfər isə çox kasıb yaşayır.

"Legatum Institute”nin 2014-cü ilin sonlarında hazırladığı "Prosperity Index” məruzəsində firavan ölkələr arasında Ermənistan 95-ci yerdədir. Hətta Orta Asiya ölkələri bu reytinqdə Ermənistandan irəlidədir.

Ümumdünya rəqabət qabiliyyətinin analiz edildiyi "The Global Competitiveness Report 2014-2015” nəticələrinə görə Ermənistan 6 pillə geri gedərək 144 dövlət arasında 85-ci olub. Region dövlətlərindən Azərbaycan və Gürcüstan isə müvafiq olaraq 3 və 1 pilləyə yüksəlib.

Əhalinin sayına nisbətdə qul əməyindən istifadə edən ölkələr arasında Ermənistan 81-ci yerdədir. Beynəlxalq təşkilatlar məruzələrində Ermənistanda müasir qul əməyini belə təsvir edir: "Erkən yaşda işləməyə məcbur olmuş və buna görə də təhsil ala bilməyən uşaqlar, yüksək məbləğdə borclandıqlarına görə iş yerlərini tərk edə bilməyən insanlar, heç bir hüquqa sahib olmayan ev xidmətçiləri kimi işləyən qızlar və qadınlar.”

Ermənistan xuntası xalq hesabına varlanır (FOTO)


Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə də ticarətində azalma qeydə alınıb. Belə ki, 2014-cü ildə Ermənistandan Rusiyaya ixrac həcmi 254 milyon dollar (4,8 faiz) azalıb. 2014-cü ildə Rusiyanın Ermənistana ixrac payı müxtəlif sahələr üzrə 20,3-22 faiz azalıb. Rusiya ilə ticarət Ermənistanın xarici ticarətinin 23,3 faizini, MDB ölkələri 28,2 faizini, Avropa İttifaqı 27,1 faizini təşkil edir.

Son zamanlarda Rusiyadan Ermənistana şəxsi hesablardan köçürülən valyuta miqdarı 30 faiz azalıb. Rusiyadan Ermənistana 1 milyard dollara yaxın pul köçürülüb. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 1 milyard 484 milyon dollar olub.

Ermənistanın ciddi iqtisadi problemlərin məngənəsində boğulmasına baxmayaraq, silahlanmaya ayırdığı vəsait olduqca böyükdür. "Bonn International Center for Conversion”nin hazırladığı "Qlobal silahlanma indeksi 2014” məruzəsində əvvəlki illərlə müqayisədə Ermənistanın silahlanma reytinqi 724 baldan 783 bala yüksəlib və Ermənistan silahlanma yarışında 3-cü yerdə qərar tutub. Ermənistanın hərbi xərcləri ÜDM-nin 4,7 faizini təşkil edir. Hər min nəfərə 17,9 əsgər düşür.

Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında müqaviləni imzaladıqdan sonra milli tədavül vasitəsi olan dram qiymətini itirib. Ermənistan rəsmiləri ictimai rəyi sakitləşdirmək üçün bunun Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi sanksiyaların nəticəsi kimi gördüklərini bildirirlər. Lakin reallıq tamamilə başqadır. Son bir ayda Ermənistan dramı qiymətini itirir. 2015-ci il büdcəsində 1 dollar 411 drama bərabər götürülsə də, noyabr ayının əvvəllərində dram daha 5 faiz ucuzlaşıb. Nəticədə 1 dollar təqribən 434 drama, daha sonra 442 drama, dekabrın ilk həftəsində isə 460 drama bərabər olub.

Ermənistan xuntası xalq hesabına varlanır (FOTO)
Ovik Abramyan- baş nazir

Baş nazir Ovik Abramyan dramın 5 faiz inflyasiyaya məruz qaldığını, buna baxmayaraq, Mərkəzi Bankın səlahiyyətləri daxilində prosesə guya nəzarət etdiklərini bildirib.

Ermənistan Mərkəzi Bankın sədri Artur Cavadyan isə vəziyyətin ucuzlaşmasını xarici şoklarla izah etməyə çalışıb. Beləliklə, ölkə iqtisadiyyatının əsas inkişaf amillərinə diqqət yetirdikdə, dramın ucuzlaşmasının qarşısını almağın mümkün olmadığı məlum olur.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, yuxarıda sadalanan problemlər, işsizliyin, yoxsulluğun, kasıblığın artması, Ermənistanın müasir standartları səviyyəsində istehsal imkanlarının olmaması, Azərbaycan torpaqlarını işğal etdiyinə görə xarici bazarlara çıxış üçün nəqliyyat yollarının bağlı qalması, iqtisadi dirçəlişə yox, silahlanmaya üstünlük verməsi, ölkənin çöküşünü sürətləndirən amillərdir. Bu problemlərdən qurtulmağın yeganə yolu indiki Serj Sarkisyan hakimiyyətin arxivə göndərilməsi, işğalçılıq siyasətindən əl çəkən, qonşularla əməkdaşlığa üstünlük verən yeni düşüncəli qüvvələrin iqtidara gətirilməsidir. Ölkə əhalisinin elə bu məqsədlə bu il iyunun 19-dan İrəvanda başladığı etiraz aksiyaları bu istəyin gerçəkləşməsinə gedən yolun sonunu göstərəcək.

Ermənistan xuntası xalq hesabına varlanır (FOTO)
Ermənistan xuntası xalq hesabına varlanır (FOTO)
İrəvanda keçirilən etiraz aksiyası