UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında "Çukariçi"yə 2:0 hesabıyla qalib gələrək mərhələ adlayan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis komandası ilə yeni tarix yazmaq istədiyini bildirib:
- Bu gün stadionda bu qədər azarkeş görmək məni çox şad etdi. Stadionda təkcə bizim komandanın yox, bütün azərbaycanlı azarkeşlər vardı.
- Bu oyunda heyətlə bağlı hansısa çətinliklər oldumu? Ümumiyyətlə, komandanı növbəti mərhələ üçün gücləndirməyə ehtiyac var?
- Əlbəttə ki, komandanı gücləndirməyə çalışacağıq. Növbəti oynumuza hələ vaxt var. Çünki bunu oyuna bir gün qalmışa qədər etmək olar.
- Matça kənardan baxsaydınız, oyunun ən yaxşısı kimi seçərdi?
- Bu gün mənim üçün önəmli olan komanda oyunu idi. Bəli, texniki cəhətdən bəzi məsələlər alınmadı, amma əsas olan komandamın çıxışıdır.
- Nəhayət ki, Azərbaycan təmsilçisi Serbiya klubunu keçə bildi...
- Stadion çox yaxşı idi. Bu qədər insanı görəndə tüklərim biz-biz olurdu. Tarixə gəldikdə isə istərdik ki, "Qəbələ" ilə hər gün yeni bir tarix yazaq, yeni bir səhifə açaq.
- Antonov ilk yarının sonlarında oyundan düşmüşdü. Sanki komanda 10 nəfərlə mübarizə aparırdı...
- Antonov mən tanıdığım futbolçudur. Onunla uzun yollar keçmişik. Onun potensialına bələdəm. Bizdə 3 futbolçu var ki, xeyli müddətdir futbol oynamırlar. Onlar belə görüşlərdə oynamalıdırlar ki, özlərinə gəlsinlər.
- Dayaq yarımmüdafiəçisi mövqeyində adət etmədiyimiz iki futbolçu vardı: Qay və Rəşad Sadiqov. Bu riski niyə almışdız? Axı onlar hücumameylli futbolçulardır...
- Biz rəqib komandanı analiz edərək bu taktiki gedişə əl atmışdıq. Gördüz ki, oyunumuz da elə o mövqedən başladı.
- Asif Məmmədovu əsas komanda üzvü kimi görürsünüz, yoxsa biz onu növbəti oyunlarda və çempionatda da ehtiyatda görəcəyik?
- Komandada 16 əsas və cavan futbolçular var. Onlar haqda hamısı barədə sual versəniz ki, niyə oynamırlar, mən deyə bilərəm ki, biz bu futbolçulara güvənərək onları buraya gətirmişik. Biz bütün futbolçulara inanırıq. Asifə gəldikdə isə o hələ ideal formada deyil. Tam formaya düşən kimi onu da əsas heyətdə meydana buraxacağıq.
Milli.Az