Naxçıvan, 24 iyul, Tural Kəngərli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışın iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə gələn yarış iştirakçıları burada Ümummilli Liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, Ulu Öndərə məxsus şəxsi əşyalara maraqla baxıblar. Qeyd olunub ki, ümumilikdə muzeydə 4 min 500-dən çox eksponat var. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.
Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar. Muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında onlara ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son tunc və Erkən dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır.
Yarış iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkiblər. Burada onlara məlumat verilib ki, mərkəz 1979-cu ildən etibarən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun yenidənqurma işləri aparılıb, yeraltı şöbəsi müasir tələblərə uyğun səviyyədə yenidən qurularaq genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin olunub.
Naxçıvanın tarixi abidələri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq yarış iştirakçılarında zəngin təəssürat yaradıb.



