ELM TARİXİNDƏN
AZƏRBAYCAN VƏ DÜNYA AQRAR ELMİNİN
İNKİŞAF TARİXİNDƏ AKADEMİK EYYUB BƏŞİROV
YARADICILIĞININ ROLU VƏ ƏHƏMİYYƏTİ
Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, əhalinin ekoloji təmiz, bioloji qiymətli ərzaqla, sənayenin isə xammalla təmin olunması həlli vacib bir problem kimi bütün dövrlərdə, bütün cəmiyyətlərdə öz ciddiliyi, kəskinliyi ilə xüsusi diqqət çəkib. Çünki bir fərd olaraq insanın yaşayışı, gündəlik həyatı, məişəti, sağlamlığı aqrar sahə ilə sıx bağlıdır. Deməli, aqrar sahəni inkişaf etdirmədən cəmiyyətin normal həyatından, onun varlığından söz açmaq mümkün deyil.
Çoxdan bəlli olan bu aksioma insanı haqqında bəhs etdiyimiz problemin həllinə yönəlmiş axtarışlara, elmi tədqiqatlara, elmi araşdırmalara məcbur etmiş, nəticədə aqrar elmin inkişafının nüvəsinə, təkanverici qüvvəsinə çevrilmişdir.
Elə, indi də belədir, müasirlik, müasir dövr sindromu inkişaf tələb edir. Tələbat isə təbii ki, həmişə eyni səviyyədə qalmır, artır. Bu gün ən nüfuzlu beynəlxalq siyasi, elmi təşkilatlar dünya əhalisinin ərzaq təminatının ödənilməsi, ərzaq təhlükəsizliyinin yaradılması, qorunması istiqamətindəki qlobal məsələlərin, araşdırmaların, elmi tədqiqatların, elmi layihələrin üzərində baş sındırır, ciddi-cəhdlə çalışır. Çünki hələ də, bütövlükdə götürüldükdə, dünyada kənd təsərrüfatının istehsal gücü əhalinin tələbatının ödənilməsinə çatmır.
Ərzaq təhlükəsizliyi probleminin tam həlli hələ də açıq qalır. Bunu inkişaf etməmiş ölkələrin timsalında daha aydın görmək olar. Belə qlobal problemlərin çözülməsində təbii ki, aqrar elmin də üzərinə məsuliyyət, ağırlıq düşür və onun potensialına böyük ehtiyac duyulur.
Bax, elə hörmətli akademikmiz Eyyub Bəşirovun bu yaxınlarda oxuduğum "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı əsəri də digər əsərləri kimi məhz həmin ehtiyacdan, zərurətdən, bir sözlə, dövrün tələbindən irəli gəlir.
Kitab əlli ildən artıq böyük bir dövr ərzində Azərbaycanda biologiya və heyvandarlıq elmlərinin inkişafı istiqamətində aparılan elmi araşdırmaların, elmi tədqiqatların məcmuudur. Kitabdakı bütün fikirlər, dəlillər, qənaətlər, müddəalar, faktlar, rəqəmlər kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafına, məhsul istehsalının artırılmasına, sahənin məhsuldarlığının yüksəldilməsinə, heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın balavermə və balasının yaşama qabiliyyətinin yüksəldilməsinə, insanların yüksək keyfiyyətli, ekoloji təmiz, bioloji qiymətli, yüksək qidalılığa, müalicəvi əhəmiyyətə malik, dietik heyvandarlıq məhsulları ilə təmin olunmasına və s.bu kimi çoxsaylı məsələlərin həllinə yönəlib və eyni zamanda həlli yolları da göstərilib.
Kitab haqqında geniş danışmamışdan öncə bir məqam üzərində dayanmaq istərdik. Əvvəla, onu qeyd edək ki, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Bəşirovun elmi yaradıcılığı geniş və çoxşaxəlidir. Alimimizin yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini, Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.
İstər hörmətli akademikmizin yaradıcılığı, istərsə də Azərbaycan aqrar elmi dünya aqrar elminin olduqca zəngin, çox dəyərli, özünəməxsus səhifələrindən, mühüm tərkib hissələrindəndir. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Elə bu səbəbdən də belə fikirə gəlmək olar ki, Eyyub Bəşirovun təkcə bir kitabından danışmaq, ümumən onun yaradıcılığı haqqında heç nə deməməyə bərabərdir. Bu səbəbdən də istərdik ki, adını çəkdiyimiz kitab açdığımız söhbətin fonunda alimin yaradıcılığından, bu zəngin elmi irsin əhəmiyyətindən, aqrar elm tarixindəki mövqeyindən, onun da nümayəndəsi, yaradıcılarından biri olduğu Azərbaycan aqrar elminin dünya elmindəki yerindən bəhs edək. Həm də alimin həyat və fəaliyyətinin bir çox məqamları üzərində dayanaq.
Xalqımız dünya mədəniyyətinin, elmi fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş böyük zəka sahibləri, elm, mədəniyyət xadimləri, yaradıcılıqları epoxalara, vaxt, zaman adlı məfhumlara sığmayan, çox işıqlı simalar yetişdirmişdir. Bu simalardan təkcə bir neçəsinin adını çəksək, bəşər mədəniyyətinə xalqımızın nələr verdiyini aydın görmək olar. Nizami, Xaqani, Tusi, Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin, Şəhriyar, Lütfizadə, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyov, Hüseyin Cavid, Qara Qarayev, Arif Məlikov, Səttar Bəhlulzadə və s.
Bu mənada aqrar elm də istisna deyil. Azərbaycan aqrar elmi çox zəngin inkişaf tarixinə malikdir və bu tarix dünya elm tarixinin ən dəyərli, ən maraqlı səhifələrindəndir. Bu səhifəni isə akademiklər - Firuz Məlikov, Məmmədtağı Qəniyev, Mirzə Sadıqov, İmam Mustafayev, Cəlal Əliyev, Rual Qədimov, Nəriman Şirinov, Məmmədtağı Cəfərov, professorlar - Ağaxan Ağabəyli, Zülfüqar Verdiyev, Eyyub İsgəndərov, Bala Ağayev, Rəhim Səttarzadə, Rəhim Hüseyinov, Cahangir Axundov, Əli Əliyev, Müseyib Əliyev, İkram Eyyubov, Elxan Əliyev, Qəzənfər Quliyev, Arif İsmayılov, Əsəd Musayev, Kamal Ağalarov, Abdulla Həşimov, Morul Dəmirov, Nəcəf Nəcəfov kimi yüzlərlə elm xadimləri öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Xüsusən də XX əsrdə adlarını sadaladıqlarımız və sadalaya bilmədiklərimiz elm xadimlərinin sayəsində Azərbaycan aqrar elmi özünün ən yüksək inkişaf zirvəsinə çatdı. Azərbaycan aqrar elmi özünün formalaşmış elmi ənənələri, elmi məktəbləri ilə təkcə keçmiş İttifaqda deyil, dünyanın elmi təşkilatları, elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Dünya aqrar elmi, biologiya elmi nəzəriyyələri və təcrübələrində "Firuz Məlikov elmi məktəbi", "Bəşirov metodu" kimi elmi terminlər beynəlxalq səviyyədə qəbul edildi, işlədilməyə başlandı.. Beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş bu terminlərin özü Azərbaycan aqrar elminin dünya miqyasındakı çəkisindən, nüfuzundan, əhəmiyyətindən, mövqeyindən xəbər verir. Bu baxımdan Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirovun elmi yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Eyyub Bəşirovun elmi irsinin mahiyyəti, elmi yaradıcılığının məqsədi, qayəsi təbiətin, ekologiyanın təmizliyi və qorunub-saxlanılması, millətimizin, xalqımızın, bütövlükdə bəşəriyyətin sağlamlığı, firavanlığı, xöşbəxtliyidir.
Alim bu məqsədə çatmağın yollarını hər bir əsərində, tədqiqatlarında, müşahidələrində araşdırır, axtarır, nəticədə də tapır.Təkcə bir faktı gətirməklə sözümüzə qüvvət vermiş olarıq. Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr əldə edib. Yuxarıda adını çəkdiyimiz "Bəşirov metodu" məhz həmin fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu "Bəşirov metodu"?
Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.
Əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20-25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və hörmətli alimimizin işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür. Əvvəldə qeyd etdiyimiz 1000 dəfəlik artım da bax, bundan irəli gəlir. Bu nəticə elmdə, təcrübədə inqilab deyilmi?!
XX yüzilliyin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.
***
E.Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində doğulmuşdur. Atası Balaməmməd kişi ailəsini halal zəhmətlə, heyvandarlıqla, əkinçiliklə, ovçuluqla, balıqçılıqla məşğul olmaqla dolandırırdı. Azərbaycan kəndlisinin dolanışığında heyvandarlığın xüsusi çəkisi həmişə böyük olub. Balaməmməd kişi də təsərrüfat adamı kimi qoyun-keçi də saxlayırdı, camış-inək də. Bərəkət dolu süfrəsində camış südü, qatığı, yağı həmişə bol olardı. Balaməmməd kişinin ata-babaları əslən Şirvandan idilər. Babası Hacı Səməd Şeyx Hacı İsmayıl oğlu din xadimi və Şamaxının qazısı olub. Məlum Şamaxı zəlzələsindən (1859-cu il) sonra Hacı Səməd qohum-qardaşı ilə birgə köçüb Xolqarabucaqda məskunlaşıb.Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər 1859-1900-cü illərdə Xolqarabucaq kəndi Camışçılar kəndi adlanırdı.Əhali camışçılıqla, balıqçılıqla məşğul olurdu. Camışçılıq bu bölgədə əsas təsərrüfat sahəsi kimi inkişaf tapıb. Bölgədə bu əsas zəmin üzərində də istər seleksiya damazlıq, istərsə də saxlama-bəsləmə, məhsul istehsalı baxımından özünəməxsus ənənələr yaranmışdır, elə indi də belədir.Təbii ki, belə bir mühitdə, şəraitdə böyüyən uşağın da təfəkkürü bu istiqamətdə formalaşacaqdır. Kür, Akkuşa çaylarının kənarlarındakı çəmənliklər, güllər, çiçəklər gen düzlər, bağ-bağatlardakı ağaclar, balaca Eyyubu riqqətə gətirirdi. Quzuları otardıqca bu güllərdən dəstə bağlayıb, nənəsinə aparardı. Sədəf nənə də hər gülün, çiçəyin, otun adını deyər, bir-bir hamısını uşağa tanıtdırar, onlar barədə müxtəlif rəvayətlər danışar, həm də bəzilərinin nəyə xeyrli olduqlarını da deyərdi. Hər dəfə quzu nobatından qayıdan nəvəsinə həmin otlardan dəmlədiyi çaydan verərdi ki, yorğunluğu tez çıxsın. Səhər-axşam camışları sağar, sağdığı süddən isti-isti, elə oradaca, birbaşa vedrədən balaca Eyyuba içirərdi.
Hər gün işdən-gücdən sonra nənə nəvəsiynən çay içə-içə söhbətləşər, ona dediyi nağıllarla, dastanlarla doğma torpağa, yurda məhəbbət, elmə, biliyə, təhsilə həvəs aşılayardı.
1933-cü ildə Eyyub Bəşirov əmisi Məşədi Mirzə Heybət kişinin Xolqarabucaqda 1928-29-cu tədris ilində açdığı orta məktəbin birinci sinfinə gedir 1942-ci ildə həmin məktəbin 9-cu sinfini bitirir.
Eyyub müəllimin erkən gənclik illərinin müharibə dövrünə düşməsi təhsilinin sürəkli davam etməsinə mane olur. O, atasının rəhbərlik etdiyi fermada müharibəyə getmiş çobanları əvəz edir, 1941-1943-cü illərdə İ. V. Stalin adına kolxozda çoban işləyir. 1943-cü illərdə Salyan rayonundakı Pedaqoji Texnikumda qiyabi təhsil alır. Elə həmin ildən 1945-ci ilin sentyabrınadək Xoltəzəkənd və Xolqarabucaq kənd məktəblərində müəllimlik edir.
Eyyub Bəşirov 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə qəbul olunur. 1947-ci ildə ikinci kursu başa vurduqdan sonra Eyyub Bəşirov əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının zootexnika fakültəsinin üçüncü kursuna köçürülür.
Bu ali təhsil ocağının Eyyub Bəşirovun dünyagörüşünün formalaşmasında, elmi baxışlarının itiləşməsində, elmə, elmi tədqiqatlara marağının artmasında, ilk vaxtlarda rus dilini heç bilmədiyi halda sonralar ona mükəmməl səviyyədə yiyələnməsində misilsiz rolu oldu.
Qaynar tələbəlik həyatı onun elmi fəaliyyətinə böyük təkan verir. Eyyub Bəşirov elmi dərnəklərdə, tələbə elmi cəmiyyətlərində fəal iştirakçıya çevrilir. Akademiyanın iribuynuzlu heyvanlar, atçılıq və yemləmə kafedralarında təşkil edilmiş dərnəyin heç bir tədbirindən qalmırdı. O, burada elmi məruzələri, öz . tədqiqatları, araşdırmaları ilə diqqəti cəlb edərək özünü perspektvli tələbə kimi göstərir. Akademiklər Nikolayev, Liskun, Popov, professorlar Vitt, Kislovski kimi müəllimlərin, dünya şöhrətli alimlərin böyük rəğbətini qazanır.
Hələ K.A.Timiryazev adına Akademiyada oxuyarkən Eyyub Bəşirovun elmi tədqiqat işlərinə, elmi həvəsini görən və ona böyük ümid bağlayan akademik Firuz Məlikov gənc tələbə ilə müntəzəm məktublaşır, lazımi tövsiyələrini, məsləhətlərini verirdi.
1950-ci ildə K.A.Timiryazev Akademiyasını uğurla bitirib alim-zootexnik adı alır və təyinatla Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutununa işə göndərilir. O, burada 1950-ci il aprel ayının 27-dən noyabrın 30-dək qoyunçuluq şöbəsində kiçik elmi işçi kimi çalışır.
Akademiyanı bitirən kimi də akademik Firuz Məlikov və professor Ağaxan Ağabəyli onu Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qoyunçuluq şöbəsinə kiçik elmi işçi vəzifəsinə dəvət edirlər.
50-ci illərin əvvəllərində həmin institutda, məhz həmin şöbədə, nəinki Azərbaycan, ümumən Qafqaz xalqlarının heyvandarlıq, daha doğrusu qoyunçuluq sahəsində yeni səhifə açıldı. Akademik Firuz Məlikovun rəhbərliyi və metodikası əsasında yeni yağlı quyruqlu, yarımzərif, yarımqaba yunlu yeni cins qoyun qrupunun yaradılmasına başlanmışdı. Eyyub Bəşirov da bu böyük elmi tarixi səhifənin başlanğıcından onun iştirakçısı, yaradıcılarından biri oldu. O kiçik elmi işçi kimi həmin mövzunun cavabdeh icraçısı idi.
1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır. O, Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. 1951-ci ildən 1954-cü ilin fevralınadək əlaçı aspirant kimi burada oxuyur. Sovet dövrünün ən görkəmli alimlərindən biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında "Azərbaycan camışının çoxaldılması biologiyası məsələləri" ("Voprosı bioloqii razmnojeniə buyvolov v Azerbaydjane") mövzusunda namizədlik dissertasiyasını yazır. 1954-cü ilin noyabrında dissertasiyanı uğurla müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsini alır. Bu uğurdan sonra gənc alimin qarşısında yeni üfüqlər açılır. E.Bəşirov böyük coşqu ilə elmi fəaliyyətə başlayır. O, Respublika Kənd Təsərrüfatı Nazirliyi sistemindəki müxtəlif elmi qurumlarda müxtəlif vəzifələrdə çalışır. 1954-cü ilin fevralından 1955-ci ilin aprelinədək Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçi, şöbə müdiri, Kür-Araz (Sabirabad) təcrübə stansiyasının direktoru işləyir. 1954-cü ildə Kür-Araz təcrübə stansiyasında, 1956-cı ilin sentyabrında isə institutda kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması laboratoriyasını təşkil edir və ilk müdiri təyin olunur. 1959-cu ildə daha böyük vəzifəyə, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. 1961-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru vəzifəsində çalışmağa başlayır. 1963-cü ildən isə elmi fəaliyyəti ilə bağlı öz xahişi ilə yenidən laboratoriya müdiri vəzifəsinə qayıdır. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və süni mayalandırılması laboratoriyasına qayıtmaqda məqsəd daha geniş və əhəmiyyətli elmi işlər aparmaq və yaradıcılıq işlərini davam etdirmək, doktorluq dissertasiyasını yazmaq idi.
Eyyub müəllimin Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda və onun təcrübə stansiyasında müxtəlif vəzifələrdə çalışdığı dövr onun yüksək elmi təşkilatçılıq fəaliyyəti ilə xarakterzə olunur. Belə ki, həmin dövrdə onun tərəfindən işlənib hazırlanmış metod və texnologiyaların, başqa alimlərin əldə etdikləri elmi nəticələri ilə birlikdə təsərrüfatlarda, damazlıq stansiyalarında istehsalata geniş tətbiq edilirdi.
Ötən əsrin əllinci, altmışıncı illəri E.Bəşirovun elmi yaradıcılığının ən məhsuldar mərhələlərindəndir. Bu illərdə aparılan araşdırmaların, təcrübələrin istehsalata geniş tətbiqi yüksək nəticələrə gətirib çıxarırdı.
"Muğanda yem bazasının yaxşılaşdırılması yolları", "Camışların qısırlığı ilə mübarizədə. mühüm məsələ", "Kəl, buğa və qoç toxumlarının mühafizə olunma müddətinə və mayalandırıcı qabiliyyətinə antibiotiklərin, ağ stereptosidin təsiri", "Heyvan toxumunun saxlanması və daşınması texnologiyası və üsulları (toxumun dondurulması)", "Azərbaycanın aran yerlərində döllük qoçlardan səmərəli istifadə edilməsinə dair", "Camışlarda süni mayalanmanın tətbiqi", "Azərbaycan şəraitində inək və camışların döllənməsi, onlardan alınan balaların yaşama qabiliyyətinin yüksəldilməsi üsulları", "Kənd təsərrüfatı heyvanlarını törədici kimi hazırlamağın yeni üsulu" və s. kimi elmi məqalələr aqrar elmin incilərindən sayılır.
Onu da qeyd edək ki, alimin 800-dən çox elmi məqalələri var ki, bunların da yarıdan çoxu müxtəlif vaxtlarda dərc olunub, bir qismi çapa hazırlanır, bir qismi hələ çap olunmamış qalır, daha doğrusu öz növbələrini gözləyir.
E.Bəşirovun 1959-1962-ci illərdə yazdığı "Qaramal" və "Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması" və "Kənd təsərrüfatı heyvanlarının törəmə qabiliyyətinin yaxşılaşdırılması yolları" adlı kitabları, təlimatları Azərbaycan dilində çap olunmuş, sahəyə aid ilk dərsliklər idi. "Əlcəzairin heyvandarlığı" ("Jivotnovodstva Aljira". Moskva, 1976) monoqrafiyası qiymətli elmi mənbə kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Eyyub müəllimin qələminin məhsulları olan "Azərbaycanda damazlıq heyvanların biologiyası və yetişdirilməsi" 2005-ci ildə, "Azərbaycanda damazlıq heyvandarlığın problemləri və inkişafının elmi əsasları" 2008-ci ildə ("Fiziologiya reproduktivnoy buyvolov Azerbaydjane"), "Azərbaycan camışının törəyib çoxalmasının fiziologiyası" 2009-cu ildə, "Azərbaycanda heyvandarlığın inkişafının elmi əsasları" 2011-ci ildə çap olunmuşdur. Adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz əsərlərdə, xüsusən də süni mayalama ilə bağlı əsərlərdəki hər fikir, hər bənd elmə gətirilən yenilikdir.
***
E.Bəşirov elmi yaradıcılığa ötən əsrin ortalarında, 1947-ci ildə başlamışdır. Alimin yaradıcılığı şərti olaraq üç dövrə bölünür.
Birinci dövr- Moskva dövrüdür.1947-1954-cü illəri əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər, aparılmış elmi tədqiqatlar aiddir.
İkinci dövr - Azərbaycan dövrüdür. Bu dövr 1950-ci ildən başlayır və bu günün özündə də davam edir.
Üçüncü dövr - xarici ölkələrdəki ezamiyyətlər dövrüdür.
Hindistan - 1961-ci il (altı ay) İtaliya - 1964-cü il, 6-25 sentyabr, Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər, Çili - 1971-ci il (noyabr, dekabr), Əfqanıstan - 1981-1983-cü illər.
"Əlcəzairin heyvandarlığı", "Çilinin heyvandarlığı" və "Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri", "Əfqanıstanın heyvandarlığı", "Hindistan və Bolqarıstanda camışçılıq" və "Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması" adlı əsərləri bu dövrdə yazılmışdır.
Alimin heyvandarlığın sürətli inkişafına, ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli, bioloji qiymətli məhsul istehsalına, kənd təsərrüfatı heyvanlarının genefondunun sağlamlaşdırılmasına, cinsi, məhsuldarlıq və balavermə keyfiyyətinin yaxşılaşdırılmasına, çoxaldılmasına, qorunub saxlanmasına yönəlmiş elmi araşdırmaları, işləyib hazırladığı metod və texnologiyalar buna geniş imkan verir. Lakin tarixin elə məqamları da olur ki, həmin vaxtlarda bu imkanlar da kifayət etmir, gərək sinəni də qabağa verəsən.
Ötən əsrin yetmişinci illərində, ümumən, respublikamızın heyvandarlığında heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı.Yerli inək cinsləri bəyənilmirdi, Rusiyadan, Pribaltikadan gətirilən cinslərə üstünlük verilirdi. Bu cinslər də yerli şəraitə çətin uyğunlaşırdılar. Xəstələnmə, xüsusən də qızdırma ilə bağlı ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı düşürdü. Məcburi kəsim çoxalırdı. Qısırlıq həddən artıq yüksək idi.
Camışçılığa münasibət lap pis idi. Sanki yerli inək, camış cinslərinə qarşı səlib yürüşü aparılırdı. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, məhsul istehsalı aşağıdır. Yeri gəldi-gəlmədi inəklərin yerinə ağır çəkili olduğundan camışlar kəsimə göndərilirdi. Camışa münasibət lap acınacaqlı vəziyyətə gəlib çıxmışdı. Hətta, o vaxtlar başda Azərbaycan KP MK-nin ikinci katibi Kozlov olmaqla bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu isə təkcə yanlış fikir, düşünülməmiş addım deyldi. Xalqımızın yüz illər boyu seçib yetişdirdiyi, zaman-zaman yeniləşdirdiyi, qoruyub saxladığı, var-dövlətdən, xəzinədən, ona sağlamlıq, şəfa, güc-qüvvət verən bardan-.bəhərdən, bineyi-qədimdən yaradılmış heyvandarlıq, damazlıq-seleksiya ənənələrindən, heyvandarlıq mədəniyyətindən, bütövlükdə, xalqın özünün epoxal mənafeyinə, xalqımızın özünə, sağlamlığına, tarixinə yönəlmiş bir qəsd idi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər
Eyyub müəllimin öz həmfikirləri, mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışın, camışçılığın yerini, çəkisini yaxşı bilən mütəxəssislərlə birgə bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevə müraciət etdilər. Camışçılığın üstünlükləri haqda, insana, onun sağlamlığına camış məhsullarının misilsiz faydası barədə hərtərəfli məlumat verdilər. Müraciətdən sonra mərhum prezident Heydər Əliyev qərar layihəsinin büroda müzakirəyə çıxarılmasına belə yol vermədi. Ümumiyyətlə, bu məsələ birdəfəmlik bağlandı. Haqq-ədalət öz yerini tapdı. Xalqımıza yönəlmiş böyük qəsdin qarşısı alındı.
***
Təcrübə ilə nəzəriyyənin vəhdəti Eyyub müəllimin elmi yaradıcılığından qırmızı xətlə keçir. Alimin elə bir elmi müddəası, elə bir araşdırması yoxdur ki, təcrübədə təsdiqini tapmasın. Heyvandarlığın, xüsusən də camışçılığın, damazlıq heyvandarlığın inkişafında yeni cinslərin yaradılmasında, kənd təsərrüfatı heyvanlarının çoxaldılmasında, sağlamlaşdırılmasında süni mayalanmanın böyük əhəmiyyəti var. Dünyada ilk dəfə camışın süni mayalandırılmasının həyata keçirilməsinin metod və texnologiyalarının hazırlanması, t