İsmayıllı, 30 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerlərdə yaradılan qrupların məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması ilə bağlı təlimatlandırılması məqsədilə İsmayıllıda regional təlim-seminar keçirib.
AZƏRTAC xəbər verir ki, yerlərdə yaradılan monitorinq qrupları “Azərbaycan Respublikasında insan alverinə qarşı Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi, övladlığa götürülən, qəyyumluğa və ya himayəyə verilən uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi, həmçinin gender və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə təşkil olunub.
Heydər Əliyev Mərkəzində keçirilən təlim-seminarda İsmayıllı, Qəbələ və Oğuz rayonlarının nümayəndələri iştirak ediblər.
Təlim-seminarda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva, hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova çıxış edərək “Məişət zorakılığı haqqında qanun”, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrlə sosial iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq və sair məsələlərlə bağlı monitorinqlərin keçirilməsi mexanizmi barədə geniş bilgilər veriblər.
Təlim-seminarda məsələ ətrafında geniş müzakirələr aparılıb, suallara aydınlıq gətirilib.
İsmayıllıda monitorinq qrupları üçün regional təlim-seminar keçirilib