2050-ci ildə planetimizdəki insanların sayı 9,7 milyarda, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq. Çin dünyada ən çox əhaliyə malik ölkə olmayacaq, Afrikada isə 28 ölkədə əhalinin sayı 2 dəfə artacaq.
Milli.Az bildirir ki, bu barədə BMT-nin Əhali Sayı Departamentinin hesabatında ("2015 Revision of World Population Prospects") deyilir.
Ekspertlərin proqnozlarına görə, 2015-2050-ci illərdə dünyada əhali artımı Hindistan, Pakistan, Nigeriya, Konqo, Efiopiya, Tanzaniya, İndoneziya, ABŞ və Uqandada daha sürətli olacaq. 2022-ci ildə əhali sayına görə Hindistan Çini geridə qoyacaq. Anqola, Burundi, Konqo, Malavi, Mali, Niger, Somali, Uqanda, Tanzaniya və Zambiyada isə 2050-ci ilədək "demoqrafik partlayış" olacaq, əhalinin sayı 5 dəfə artacaq.

21-ci əsrin ortalarında dünyada 60 yaşına çatmış insanların sayı 2 dəfə artacaq. Avropa Birliyi ölkələrində onlar əhalinin 34 faizini təşkil edəcəklərsə, Latın Amerikası və Asiyada bu rəqəm aşağı olacaq.
Postsovet məkanı ölkələrində əhalinin sayı azalacaq. Məsələn, Moldova və Ukraynada əhali sayındakı azalma 15 faiz təşkil edəcək.
BMT-nin Əhalinin Sayı Departamentinin rəhbəri Con Uilmotun fikrincə, yoxsul ölkələrdə demoqrafik artım ciddi problemlər yaradacaq: "Bu ölkələrdə yoxsulluq, sosial bərabərsizlik, aclıq, işsizlik, təhsil və səhiyyə müəssisələrinin səviyyəsi çox aşağı olduğundan problemlər həddən artıq ciddi şəkil alacaq. Qlobal miqyasda dayanıqlı inkişaf üçün bu problemləri aktiv şəkildə aradan qaldırmalıyıq".

2015-ci ildə əhali sayı:

1. Çin - 1.4 milyard nəfər
2. Hindistan - 1.3 milyard
3. ABŞ - 322 milyon
4. İndoneziya - 258 milyon
5. Braziliya - 208 milyon

2050-ci ildə əhali sayı:

1. Hindistan - 1.7 milyard nəfər
2. Çin - 1.3 milyard
3. Nigeriya - 399 milyon
4. ABŞ - 389 milyon
5. Indoneziya - 322 milyon

2100-cü ildə əhali sayı:

1. Hindistan - 1.7 milyard nəfər
2. Çin - 1 milyard
3. Nigeriya - 752 milyon
4. ABŞ - 450 milyon
5. Konqo - 389 milyon

Orxan Hun
Milli.Az

Dünyanı "əhali inqilabı" gözləyir - FOTO
Dünyanı "əhali inqilabı" gözləyir - FOTO
Dünyanı "əhali inqilabı" gözləyir - FOTO