Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda bu ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin mənfi hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu bildirib.
F.Qurbanov işdə buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən vəzifələrindən azad olunduqlarını, rektora isə töhmət verildiyini diqqətə çatdırıb.
Nazir müavini universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi barədə nazirin tapşırıqlarını rektora çatdırıb.
Təhsil Nazirliyi bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımların atılmasını davam etdirəcək.
İclasda rektor Akif Süleymanov çıxış edərək, rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün çalışacaqlarını bildirib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.