“Yanq Boyz” klubunu məşqçisi: “Qarabağ” komandası ilə çətin oyunlar olacaq

“Yanq Boyz” klubunu məşqçisi: “Qarabağ” komandası ilə çətin oyunlar olacaq
08:18 9 Avqust 2015
99 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycanın “Qarabağ” komandası çox güclü kollektivdir. Son iki ildə ölkə çempionu olub. Bu klubla bağlı araşdırmalarımız davam edir.
AZƏRTAC İsveçrə klubunun saytına istinadla xəbər verir ki, bu sözləri Ağdam təmsilçisinin Avropa Liqası yarışlarının pley-off mərhələsindəki rəqibi “Yanq Boyz”un məşqçisi Harald Qamperle bildirib.
Baş məşqçi Uli Fortenin istefasından sonra klubu müvəqqəti olaraq çalışdıran H.Qamperle Ağdam klubunun “Seltik”ə qarşı oyunları haqqında danışıb. O qeyd edib ki, “Qarabağ” UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində “Seltik” kollektivinə qarşı yaxşı oyun nümayiş etdirdi. Bu oyunda Şotlandiya klubunun bəxti gətirdi. Bizim “Qarabağ” komandasına qarşı matçlarda işimiz çətin olacaq. Ancaq bizim də hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.
İsveçrə superliqasının ilk üç turunda bütün görüşlərini heç-heçə başa vurmuş paytaxt təmsilçisi üç xalla altıncı pillədə qərarlaşıb. UEFA Çempionlar Liqası yarışlarında Fransanın “Monako” komandasına qarşı hər iki görüşdə məğlubiyyətdən sonra Avropa Liqasına düşən “Yanq Boyz”un baş məşqçisi Uli Forte istefaya göndərilib. Ona görə həm İsveçrə superliqası oyunlarına, həm də “Qarabağ”la Avroliqa matçına bu komandaya müvəqqəti olaraq U.Fortenin köməkçisi H.Qamperle gətirilib.
Yeni baş məşqçi vəzifəsinə namizədlər arasında Murat Yakın və Marko Şallibaum göstərilir. M.Yakın yaxın vaxtlarda Rusiyanın “Spartak” komandasından istefaya göndərilib. M.Şallibaum isə hazırda İsveçrədə ikinci liqa olan Çağırış Liqasının lideri “Kyasso” komandasının baş məşqçisidir. M.Yakın 2012-2014-cü illərdə “Bazel”in baş məşqçisi kimi komandada bir sıra uğurlara imza atıb. İki dəfə İsveçrə çempionu olub və Avropa Liqasının yarımfinal mərhələsinədək yüksəlib.
“Yanq Boyz” avqustun 9-da İsveçrə superliqasının növbəti oyununda “Tün”, avqustun 12-də isə “Luqano” komandalarını qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu “Yanq Boyz”la ilk oyununu avqustun 20-də İsveçrənin Bern şəhərindəki “Stad de Syuiss” stadionunda keçirəcək. Bir həftə sonra isə Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda cavab qarşılaşması təşkil olunacaq.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanq_Boyz_klubunu_mesqchisi_Qarabag_komandasi_ile_chetin_oyunlar_olacaq-876341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR