Bakı, 12 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2014-cü ilin müvafiq dövrünə nəzərən 3,7 faiz artaraq 7,9 milyard manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsində məlumat verilir.
Bildirilir ki, altı ayda ölkədə neft sektoruna 3,4 milyard manat, qeyri-neft sektoruna 4,5 milyard manat həcmində investisiyalar yönəldilib. İnvestisiyaların həcmi ötən ilin müvafiq dövrünə nəzərən sənayedə 15,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 92,8 faiz, informasiya və rabitə sektorunda 2,5 dəfə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 25,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 8,1 dəfə, maliyyə və sığorta sektorunda 44,1 faiz artıb. Qeyri-neft sənayesinin inkişafı üçün ümumi qeyri-neft investisiyalarının 7,1 faizi istifadə edib.