Çin Mərkəzi Bankı son iki gündə yuanı dollar qarşısında cəmi 3.48 faiz ucuzlaşdırıb. Dünən ölkədə 1.86%-lik, bu gün isə 1.62%-lik devalvasiya həyata keçirilib. Çin məzənnəni rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir. Çin Mərkəzi Bankı (PBOC) dünən orta nöqtəni 6.1162-dən 6.2298-ə dəyişmişdi. Bu gün Çin Mərkəz Bankı, dollar/yuan məzənnəsi üçün müəyyən olunan orta nöqtəni 1,62 faiz yüksəldərək 6,3306 səviyyəsinə çıxardıb.
Çinin milli valyutasındakı dəyişikliklərdən bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanın da bəzi itkiləri olub. Son iki gündə Azərbaycanın Dövlət Neft Fondu Çinin həyata keçirdiyi devalvasiyaya görə, nisbi olaraq 17,4 milyon dollar itirib.
Bu hadisə müxalifət cəbhəsindəki bəzi siyasətçilərə çıxış üçün yeni tribuna verdi. Politoloq Ərəstun Oruclu özünün Facebook səhifəsində yazır ki, dünyanın ikinci iqtisadiyyatı sayılan Çində adambaşına düşən ümumi daxili məhsulun həcmi elə Azərbaycandakı qədərdir.
"Əlqərəz, bu uzaqgörən siyasətin sayəsində və yuanın devalvasiyası nəticəsində təxminən 20 milyon dollar itirdik".
İqtisadçı Pərviz Heydərov isə onun fikirlərilə razılaşmır. Onun sözlərinə görə, belə fikirləri irəli sürmək üçün Çin iqtisadiyyatının dünyada tutduğu yerdən xəbərdar olmaq lazımdır. Onun sözlərinə görə, hər bir valyutanın arxasında dövlətin iqtisadiyyatı dayanır.
"Çin ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Hətta ötən il Çin ABŞ-ı da keçmişdi. Ona görə də valyuta ehtiyatlarının Çin yuanında da saxlanılması tamamilə məntiqli addım idi".
Ekspert Azərbaycan Neft Fondunun bu proseslərdən itkilər verməsini elə də faciəvi hal hesab etmir.
"İlk növbədə ona görə ki, Dövlət Neft Fondu valyutaları diversifikasiya edir. Fərqli valyutalarda saxlanılır vəsait. Bu isə ona görə edilir ki, hansısa ölkənin valyutası düşə və ya qalxa bilər. Diversifikasiya riskləri nəzərə alaraq atılan addımdır. Digər tərəfdən isə Çinin niyə öz valyutasını devalvasiya etməsinə nəzər salmaq lazımdır. Son dövrlər Çin iqtisadiyyatının ixrac həcmi 9% azalıb. İxrac həcmini artırmaq üçün Çin Xalq Bankı belə bir addım atır. Bu o deməkdir ki, görülən tədbirlər nəticəsində Çin iqtisadiyyatı yenidən dirçələ bilər. Bu isə Çin valyutasına da yer ayıran Dövlət Neft Fondu üçün dividend gətirə bilər".
İqtisadçı hesab edir ki, Çin yuanını seçməyin səhv addım olduğunu demək düzgün deyil. O fikirlərini belə əsaslandırıb.
"Bu gün ABŞ dünyanın aparıcı iqtisadiyyatına sahib ölkəsidir. Bu səbəbdən də bütün dünyada dolların hegemonluğu var. Sabah ABŞ iqtisadiyyatında problemlər yaransa və dolların dəyəri aşağı düşsə, bu adamlar deyəcəklər ki, vəsaitləri dollarla saxlamaq səhv addım idi?" - deyə o sual edib.
Bu arada xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar"ına əsasən, ARDNF-in investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard ənd Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Teymur Hacıyev
Milli.Az