Astara, 13 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Gənclər Evində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verib. Böyük rəhbər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında imzaladığı Fərman ilə bütün dövlət orqanlarının, ictimaiyyətin diqqətini gənclərin təşkilatlanmasına yönəltdi. Ulu Öndər dövlət quruculuğunda hər zaman gənclərə üstünlük verib. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi və həmin günün “Gənclər günü” kimi təsis edilməsi gənclərə göstərilən böyük diqqət və qayğının nəticəsi idi. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi gənclərin təşkilatlanmasına təkan verdi, gənclərə dövlət qayğısının artırılmasına səbəb oldu.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər forumunun keçirilməsi, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
“Dəyirmi masa”da çıxış edənlər astaralı gənclərin rayonun ictimai-siyasi həyatında fəal rol oynadıqlarını vurğulayaraq, gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.