Qeyri-hökumət təşkilatlarının fəaliyyəti insan haqları və demokratik cəmiyyət dəyərlərinin bərqərar olması ilə yanaşı, hakimiyyətlə vətəndaşlar arasında daha sıx əlaqələrin qurulmasına xidmət etməlidir.
Yəni sadə desək, dövlət qurumlarının nəzərindən qaçan problemləri QHT-lər aşkarlamalı və onların həll olunması, vətəndaşların yaşamının asanlaşması üçün rəsmi təşkilatların hərəkətə gəlməsini təmin etməlidir.
Əfsuslar olsun ki, çox hallarda tam əksini müşahidə edirik. QHT-lər dövlətdə yeni problemlər yaradır, vətəndaşlarda hakimiyyətə qarşı etiraz və antipatiya yaratmağa çalışır, xarici ölkələrdəki mərkəzlərdən və fondlardan aldıqları sifarişlərlə göstərişləri yerinə yetirir, bəzənsə dövlətin maraqlarına qarşı çıxırlar.

QHT-lərin pərdəli istəkləri və yumşaq güc: kim qalib gələcək?

Sifarişçinin razı qalması və alınan təlimatların yerinə yetirilməsi üçün qanun pozuntuları da az olmur. Belədə bəhs etdiyimiz QHT-lər fəaliyyət göstərdikləri dövlətdə insan hüquqlarının müdafiəsi pərdəsi altında provokasiyalarla məşğul olurlar.
Problem yalnız postsovet məkanında deyil.

Çin də insan hüquqlarının təminatı adı altında fəaliyyət göstərən QHT-lərin hədəfə alınmasının narahatlığını yaşayır.
Çin bu yaxınlarda ölkədəki qeyri-hökumət təşkilatlarının daha sıx tənzimləmələri üzrə önəmli bir addım atıb. Qərbin insan hüquqları üzrə fəaliyyət göstərən qrupları tərəfindən qınanılan bu hərəkət Çinin öz siyasi məkanı üzərində suverenliyini təsdiq etməsi üçün həlledici bir qərar hesab edilməlidir. Çinin xarici QHT-lərin idarəsi haqqında qanununun sərbəst toplaşmaq və ifadə azadlığı üzərinə məhdudiyyət qoyduğu irəli sürülür, QHT-lər təklif olunan bu qanunun Çində insan hüquqlarının pozulmasına bir nümunə kimi göstərilməsini istəyir.

Tanınmış politoloq və siyasi analitik Erik Dreytser "China's NGO Law: Countering Western Soft Power and Subversion" məqaləsində bildirir ki, xaricdən maliyyələşdirilən beynəlxalq və milli QHT-lər xarici maraqları təmsil edir və stabilliyin pozulması üçün yumşaq güc silahları kimi istifadə edilirlər.
Bu, sadə bir faktdır.
Rusiya kimi Çin də nəhayət anlayıb ki, siyasi stabillik və suverenliyi qorumaq üçün vətəndaş cəmiyyətini idarə edə bilmədiyi halda ABŞ və onun müttəfiqləri tərəfindən manipulyasiyaya məruz qalacaq.

Yumşaq güc və Çində stabilliyin pozulması

Cozef Nayın məşhur tərifinə görə, yumşaq güc siyasi məqsədlərə nail olmaq üçün güc tətbiq etmədən başqalarını özünə inandırmaq və hadisələri idarə edə bilmək bacarığıdır. Yumşaq gücün ən əsas vasitələrindən biri isə vətəndaş cəmiyyəti və onu idarə edən QHT-lərdir. Dünyanın ən güclü şəxs və qurumlarından maliyyə dəstəyi alan bu QHT-lər "demokratiyanın təşviqi" və insan hüquqları adı altında öz himayədarlarının məqsədləri üçün çalışırlar. "İnsan Hüquqlarına Nəzarət" və bütövlükdə QHT-lər Çinin yuxarıda adı çəkilən qanununu pisləyirlər, çünki haqlı olaraq düşünürlər ki, bu, onların Pekində sərbəst fəaliyyət göstərmələrinə mane olacaq. Qərb dövlətləri və kəşfiyyat agentliklərinin de-fakto bir qolu kimi fəaliyyət göstərən bu QHT-lər son illərdə Çində stabilliyin pozulmasında mərkəzi rol oynayıblar. Heç şübhəsiz, belə bir siyasi müdaxilənin mətbuatda ən çox işıqlandırılan nümunəsi 2014-cü ildə Honkonqda baş verən "Occupy Central" ("Mərkəzi İşğal et") hərəkatı olub. Həmin vaxt Qərb KİV-i məlumatsız xəbər oxucularını "demokratiya uğrunda gedən" bu hərəkatı dəstəkləməyə çağırır, bu hərəkatın rəhbərləri ilə ABŞ-ın yumşaq güc orqanları arasında güclü əlaqələr olduğunu isə qeyd etmirdi. Hərəkatın rəhbəri qərbyönlü akademik, Honkonq Universitetində hüquqdan dərs deyən Benni Tay özünü kütləvi hərəkatın lideri kimi təqdim etsə də, birbaşa ABŞ-ın Milli Demokratiya Fondu (NED - National Endowment for Democracy) vasitəsilə Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Milli Demokratik İnstitutu (NDI - National Democratic Institute) ilə uzun müddət əməkdaşlıq edib (4npress).

QHT-lərin pərdəli istəkləri və yumşaq güc: kim qalib gələcək?

Hərəkatda iştirak edən iki başqa önəmli şəxs də olub: Honkonq Vətəndaş Partiyasını yaradan Odri Yu (Audrey Eu) və Honkonq Demokratiya Partiyasının qurucu rəhbəri Martin Li (Martin Lee). Bu şəxslərin hər ikisi NED və NDI qurumları vasitəsilə ABŞ-la uzun müddətli əlaqələr qurub. Odri Yu NDI tərəfindən maliyyələşdirilən panel və proqramların keçirilməsinə yardımlar edib, Martin Li isə hər iki qurum tərəfindən mükafatlandırılıb.

Tay, Yu və Linin ABŞ-ın Çinin iqtisadi və siyasi cəhətdən ən önəmli regionlarından biri olan Honkonqda stabilliyi pozmağa çalışmasının ictimai üzləri olduqlarını görmək çətin deyil. ABŞ QHT-lər vasitəsilə Ukraynadan Venesuelaya qədər hər yerdə olduğu kimi Çində də "demokratiyanın təşviqi" adı altında anti-Pekin strategiyasından istifadə edir.

QHT-lərin pərdəli istəkləri və yumşaq güc: kim qalib gələcək?

QHT-lər, yumşaq güc və Sintszyanda terror

QHT 'yumşaq gücü' ilə üzləşən təkcə Honkonq olmayıb. Çinin qərb rayonu Sintszyan son illər ərzində yumşaq güc vasitələri tərəfindən güclü təxribatla üzləşib. Əksər müsəlman uyğurların məskunlaşdığı Sintszyan həm terrorizm, həm də Çini uyğur və ümumiyyətlə müsəlmanların düşməni göstərməyə çalışanların təxribatlarına məruz qalıb. Bu terror hadisələrinə misal olaraq 2014-cü ilin may və noyabrında onlarla insanın həlak olması və yüzlərlə insanın yaralanması ilə nəticələnən bomba hücumlarını, ötən ay uyğur terroristlərin 18 nəfəri öldürərək törətdikləri terror aktını misal göstərmək olar. Əgər bu hücumlar, tutaq ki, amerikalılara qarşı törədilsəydi, qərb mətbuatı bütün dünyaya qarşı müqəddəs cihad elan edərdi. Ancaq bu hadisələr Çində baş verdiyindən uyğurlara təzyiq göstərilməsi və təcrid edilmələrini səbəb göstərirlər.

NED təşkilatından illərlə önəmli dərəcədə maliyyə dəstəyi almış təşkilatlar: Ümumdünya Uyğur Konqresi, Uyğur Amerika Assosiasiyası, Demokratiya və İnsan Hüquqları üzrə Beynəlxalq Uyğur Fondu və Beynəlxalq Uyğur Pen Klubu. Bu QHT-lər Sintszyanla bağlı istənilən məlumat üçün qərb mətbuatı tərəfindən tez-tez adı çəkilən mənbələrdir.

Çinə qarşı təşkil olunan təxribatların ən yaxşı nümunəsi qərb mətbuatında Çinin Ramazan bayramının qeyd edilməsini qadağan etməsi ilə bağlı çıxan məqalələrdir. Belə ki, həmin vaxt Çin hökumətinin insan hüquqlarını pozduğunu bildirən və Çini "din azadlığını məhdudlaşdırmaq"da qınayan yüzlərlə məqalə çıxdı. Ancaq Çindən cavab gecikmədi və Sintszyan, eləcə də, bütün Çinin Ramazan bayramını açıq şəkildə qeyd etdiyini ictimailəşdirdi. Maraqlıdır ki, bunun əksini iddia edən əsas mənbə NED tərəfindən maliyyələşdirilən Ümumdünya Uyğur Konqresi idi.

QHT-lərin pərdəli istəkləri və yumşaq güc: kim qalib gələcək?

Bütün bunlar Türkiyənin Çini türk hesab etdikləri uyğur müsəlmanlarını təqib edilməsinə görə qınaması ilə geosiyasi və strateji əhəmiyyət daşımağa başlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi verdiyi bir bəyanatda bildirib: "Sintszyan regionunda uyğur türklərinin oruc tutmaları və digər dini vəzifələrini yerinə yetirmələrinin qadağan edilməsi xalqımızı olduqca təəssüfləndirdi. Bu xəbərlərlə bağlı dərin narahatlıq keçirdiyimizi Çinin Ankaradakı səfirinə bildirmişik". Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Xua Çunyin isə bildirib ki, Çin artıq Türkiyədən bu xəbərləri aydınlaşdırmağı tələb edib və bu bəyanatla bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, beynəlxalq mətbuatda əksini tapmasa da, 2015-ci ilin yanvarında bir sıra uyğur ekstremistin sərhəddən qeyri-qanuni keçidini təşkil və təmin etməkdə ittiham olunan 10 türk şübhəli Çin rəhbər orqanları tərəfindən həbs edilmişdi. Sonradan məlum olub ki, həmin ekstremistlər cihadçılarla birgə döyüşmək üçün Suriya, Əfqanıstan və Pakistana getməyi planlaşdırırlarmış.

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, 2014-cü il noyabrın 17-si də Şanxayda 10 nəfər Türkiyə vətəndaşı uyğurların qeyri-qanuni immiqrasiyası ilə bağlı saxlanılıb. Onlara qarşı rəsmi ittihamlar sənədlərin saxtalaşdırılmasından qeyri-qanuni immiqrasiyaya kömək etməyə qədər dəyişir. Sübutlar göstərir ki, uyğurlar hər halda yaxınlarını görmək üçün başqa bir ölkəyə səyahət etmirdilər.

Çində stabilliyin pozulması müxtəlif şəkildə özünü göstərir. Honkonqda ABŞ hökuməti ilə əlaqədə olan QHT-lər tərəfindən maliyyələşdirilən etiraz nümayişindən tutmuş təbliğat müharibəsinə qədər Çin yumşaq və sərt gücün təzyiqi altındadır. Çinin bu QHT və onların təmsil etdiyi qüvvələrin zərərli təsirlərini cilovlamaq üçün tədbir görməyə başlaması təkcə müsbət yox, eyni zamanda vacib bir addımdır. Çin Xalq Respublikasının milli təhlükəsizliyi və suverenliyinin qorunması üçün elə bu lazımdır.

Orxan Hun
Milli.Az