Bakı, 17 avqust, Ramiz Quliyev, AZƏRTAC
Bu ilin yeddi ayında Vergilər Nazirliyi tərəfindən 2 min 887 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanaraq qanunun tələblərinə uyğun tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəzarət tədbirləri ilə yanaşı, maarifləndirmə və məlumatlandırma işləri də davam etdirilib və bu istiqamətdə həyata keçirilən tədbirlər isə öz bəhrəsini verməkdədir.
Nazirlikdə “Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının və KİV-in rolunun artırılması” layihəsi hazırlanıb, sahibkarların ictimai təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər təşkil olunub.
Vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən, istənilən növ informasiyaya çıxışını təmin etmək məqsədilə nazirlik mövcud məlumat mənbələrindən - “195” Çağrı Mərkəzi, taxes.gov.az veb saytı, vergi ödəyicilərinə xidmət mərkəzləri, “Vergi dostları” şəbəkəsindən və sosial mediadan geniş istifadə edir.
Əsas məqsəd isə əmək bazarını daha da canlandırmaq, işçilərin sosial hüquqlarını qorumaq, vergi və digər ödənişlərin həyata keçirilməsinə, bu ödənişlər hesabına dövlət büdcəsinin artımına nail olmaqdır.