Tehran, 17 avqust, AZƏRTAC
İran İslam Respublikası ilə Azərbaycan arasındakı mədəni əlaqələr qədim tarixə malikdir. Bu əlaqələrin müasir dövrdə inkişaf etdirilməsi hər iki xalq arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Urmiyanın Mədəniyyət və İncəsənət İdarəsinin rəhbəri Əlirza Novruzi deyib. Avqustun 12-də Bakıda səfərdə olduğunu bildirən Ə.Novruzi qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Milli Kitabxanasında və AZƏRTAC-da görüşlər keçirərək əməkdaşlıq haqqında müzakirələr aparıb.
Ə.Novruzi bildirib ki, fars dilli yazıcı və şairlərin əsərlərinin Azərbaycan dillinə, Azərbaycan yazıçılarının əsərlərinin isə fars dilinə tərcümə edilərək yayılması xalqların bir-birini daha yaxından tanımasına və mədəni əlaqələrin inkişafına xidmət edir. Rəhbərlik etdiyi idarənin bu istiqamətdə artıq bir sıra işlər gördüyünü nəzərə çatdıran Əlirza Novruzi klassik Azərbaycan ədibi Hüseyn Cavidin "Topal Teymur", "Peyğəmbər" əsərlərinin, müasirlərdən isə Sona Vəliyevanın şeirlərindən ibarət kitabının fars dilinə tərcümə edildiyini bildirib. Tərcümə edilən əsərlər idarə tərəfindən təşkil edilən kitab sərgilərində nümayiş olunub.
Azərbaycan paytaxtı Bakının olduqca gözəl, insanlarının isə çox qonaqpərvər olduğunu deyən Urmiyanın Mədəniyyət və İncəsənət İdarəsinin rəhbəri bu səfərin ona unudulmayacaq anlar yaşatdığını da diqqətə çatdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran