Bakı, 19 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) nümayəndə heyəti Türkiyəyə səfərin ikinci günündə Hak-İş həmkarlar ittifaqı konfederasiyasının baş katibi Osman Yıldız ilə görüşüblər. Görüşdə qarşılıqlı əlaqələr, gənclər arasında əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı iqamətgahına da səfər edib, burada yaradılan iş şəraiti ilə tanış olublar. YAP gəncləri, eyni zamanda, AKP Qadınlar Təşkilatının sədr müavinləri və parlamentin deputatları ilə müzakirələr aparıblar.
Nümayəndə heyəti günün ikinci yarısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Türkiyənin və Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan nazir əlaqələrimizin daha da dərinləşdirilməsi, eləcə də gənclər arasında səmimi münasibətlərin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Günün sonunda AKP-nin Gənclər Təşkilatı tərəfindən nümayəndə heyətinin üzvlərinin şərəfinə ziyafət verilib.
Yeni Azərbaycan Partiyasının gəncləri Türkiyənin xarici işlər naziri ilə görüşüblər