Tokio, 20 avqust, AZƏRTAC
Yaponiyanın “Mainiçi” qəzetinin yazdığına görə, Koreya Respublikası Yaponiya və Çinə cari il oktyabrın birinci yarısında üçtərəfli yüksək səviyyəli sammit keçirməyi təklif edib.
Qəzet bildirir ki, sammit Koreya Respublikasının Prezidenti Pak Kın Henin Vaşinqtona oktyabrın 16-a planlaşdırılan səfərindən əvvəl baş tutmalıdır. Sammit baş tutacağı təqdirdə, burada Yaponiyanın Baş naziri Şinzo Abe ilə Koreya Respublikasının Prezidenti Pak Kın Henin ilk görüşü keçirilə bilər. Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Çzinpinlə Yaponiya hökumətinin başçısı artıq iki dəfə görüşüblər.
Cari ilin martında Yaponiya, Çin və Koreya Respublikasının xarici işlər nazirləri son üç ildə ilk dəfə olaraq Seulda görüşmüşdülər. Həmin vaxt yüksək səviyyəli üçtərəfli sammitin qısa müddətdə təşkili üçün bütün lazımi addımların atılması barədə razılıq əldə edilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio