Şahbuz, 21 avqust, AZƏRTAC
Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda və Naxçıvan Tibb Kollecində təhsil alan 50 fəal gəncin iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıblar. Qeyd olunub ki, bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb. “Yay məktəbi” gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir.
Gənclər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
“Yay məktəbi”ndə müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar, seminarlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.
Qeyd edək ki, növbəti “Yay məktəbi”nə Naxçıvan Musiqi və Dövlət Texniki kolleclərinin tələbələri cəlb olunacaq.


Naxçıvanda gənclərin növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb
Naxçıvanda gənclərin növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb