Bakı, 21 avqust, Nihat Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə "Türk axını" layihələri bir-birinə rəqib deyil və hər iki layihə enerjinin şaxələndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sputnik”ə müsahibəsində Yunanıstanın energetika naziri Panos Skourletis deyib. Hər iki layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutduğunu deyən nazir bu layihələri enerji təchizatı yollarının şaxələndirilməsi əsasında formalaşdırılmalı olduğunu bildirib.
O qeyd edib ki, Yunanıstan hazırda iki iri enerji layihəsini dəstəkləyir – TAP və "Türk axını". “Cənub” qaz dəhlizi bir hissəsi olan TAP boru kəməri Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşərək Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. “Türk axını” layihəsi ilə isə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması planlaşdırılır.
TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).


Yunanıstanın energetika naziri: TAP və "Türk axını" layihələri bir-birinə rəqib deyil
Yunanıstanın energetika naziri: TAP və "Türk axını" layihələri bir-birinə rəqib deyil