Bakı, 27 yanvar, AzərTAc
Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə və “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasına (2012-2020-ci illər)” müvafiq olaraq auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə Auditorlar Palatası tərəfindən hazırlanmış “Auditor fəaliyyəti haqqında” Qanunun layihəsinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Palatadan AzərTAc-a bildiriblər ki, ictimai maraq kəsb edən qanun layihəsinin müzakirəsində Ədliyyə, Vergilər, İqtisadiyyat və Sənaye nazirliklərinin, Mərkəzi Bankın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, habelə auditor təşkilatlarının nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa”da işgüzar müzakirələr aparılıb, tərəflər layihə ilə bağlı dəyərli tövsiyələr veriblər. Tövsiyələr nəzərə alınmaqla Qanunun son versiyasının hazırlanması və aidiyyatı qurumlara göndərilməsi qərara alınıb.