Rusiyanın Şimali Qafqaz dairəsi üzrə hərbi məhkəməsi "terrorçu qrup yaratmaqda" ittiham etdiyi ukraynalı rejissor Oleq Sentsova 20 il iş verib.

ANS PRESS-in BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görə, ötən həftə iş üzrə yekun nitqlə çıxış edən prokuror Sentsov barəsində 23 il həbs tələbi ilə çıxış edib. İttiham tərəfi həmçinin solçu fəal Aleksandr Kolçenkonun 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə Kolçenkoya 10 il iş verib.

Hər iki şəxs Krımın ilhaqından sonra Simferopolda yerləşən rusiyatəmayüllü “Krımın rus icması” və Vahid Rusiya Partiyasının ofislərinə od vurmaqda ittiham edilirlər.

Maydan hərəkatının fəal iştirakçıları olan müttəhimlər prosesin siyasi motivli olduğunu deyirlər. O. Sentsov işgəncə altında ifadə verdiyini və etirafa məcbur oldunduğunu bildirib.

"Mən sizdən heç nə istəməyəcəm. Hamıya hər şey aydındır. İşğalçıların məhkəməsi mahiyyətinə görə ədalətli ola bilməz" - deyə Oleq Sentsov son sözündə qeyd edib.

Putin ona qarşı çıxan rejissoru ağır cəzalandırdı (VİDEO, FOTO)
Ukraynalı rejissor Oleq Sentsov

Hüquq müdafiəçiləri Oleq Sentsov və Aleksandr Kolçenkonu siyasi məhbus hesab edirlər. Kiyev ölkənin müxtəlif bölgələrində Rusiya hüquq-mühafizə orqanları tərəfindən yaxalanmış Ukrayna vətəndaşlarının azad edilməsini tələb edir.

Andrey Vajda, Kristof Zanussi və Pedro Almodovar da daxil olmaqla bir sıra məşhur rejissorlar Rusiya hakimiyyətinə ünvanlanmış məktubda Sentsovun azad olunmasına səsləyir.

Sentsovu Vladimir Putinə yaxın əlaqələrilə tanınan və Krımın ilhaqını dəstəkləmiş məşhur rusiyalı rejissor Nikita Mixalkov da dəstəkləyib.

Putin ona qarşı çıxan rejissoru ağır cəzalandırdı (VİDEO, FOTO)
Rusiyalı rejissor Nikita Mixalkov

Oleq Sentsov Krımın ilhaqından bir neçə həftə keçmiş - 2014-cü ildə həbs olunub. Rejissor 2011-ci ildə çəkdiyi "Gamer" filminə görə tanınıb.