Layihə Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb. Mərkəzdən bildirilib ki, bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin təşkilatçılığı ilə Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üç qat spiral) münasibətlərinin qurulması mövzusunda seminar keçiriləcək.
Seminarda Avropanın qabaqcıl ölkələrin təcrübələri əsasında “İnnovasiyanın üç qat modeli” konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üç qat spiral və iqtisadiyyat, üç qat modelin formalaşması, regional inkişafda üç qat modelin əsasları, innovasiya nəzəriyyəsindən alınan modelin əsas xüsusiyyətləri mövzusunda məsələlər müzakirə olunacaq.
Seminarda Azərbaycan alimləri, dövlət qurumlarının mütəxəssisləri və sahibkarlar iştirak edə, mövzuya aid araşdırmalarını və təkliflərini Elmi İnnovasiyalar Mərkəzinə göndərə bilərlər. Bu təkliflər və araşdırmalar seminarda müzakirə olunmaq üçün Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinə təqdim olunacaq.
Həqiqət İSABALAYEVA