Bakıda odlu silahla öldürülən biznesmenlə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.
Milli.Az xəbər verir ki, bu gecə saat 3 radələrində sabiq polis əməkdaşı Nadir İbrahimov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir "Lexus" markalı 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub.
Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. İki uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.
Nadir İbrahimov və Namiq Əsədov "Butastone" şirkətinin həmtəsisçiləri olublar. Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə "Akkord" şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.
Şəkildə sol tərəfdəki İbrahimovun şəriki Namiq Əsədovdur.
Anar Məmmədov
Milli.Az