İ.Daçiç qeyd edib ki, yalnız prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq zəruridir: “2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə olan görüşlər doğru istiqamətdə müsbət addımlar idi. ATƏT birbaşa təmasları asanlaşdırmağa çalışır, lakin tərəflər də öz növbələrində komandanlıqlarını yuxarı pillədən aşağı pilləyədək atəşkəsə riayət etməyə məcbur etməlidirlər. Mən xüsusi nümayəndə Anjey Kaspşikə dəstəyimi ifadə edirəm. Ona birbaşa təması asanlaşdırmaq tapşırılıb və o, tərəflərin də yardımı ilə daha çox sülhyaradıcı tədbirlər hazırlayır. Mən həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirəm”.
ATƏT-in fəaliyyətdə olan sədri tərəfləri ATƏT-in bütün vasitələrindən yararlanmağa, yekun və dinc nizamlanma üçün tədbirli addımlar atmağa çağırıb. ATƏT-in baş katibi Lamberto Zanier də bu bəyanatı dəstəkləyib və tərəfləri ATƏT-in Minsk Qrupu tərəfindən aparılan siyasi prosesə yenidən qoşulmağa səsləyib.
Milli.Az