Səudların taxt mübarizəsi

Səudların taxt mübarizəsi
04:36 28 Yanvar 2015
468 Sosial
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz yanvarın 23-də vəfat etdi və taxta Salman bin Əbdüləziz çıxdı. Kənardan baxanda hər şey prosedur qaydalara uyğun görünsə də Səud xanədanında taxt-tac varisliyi ilə bağlı qalmaqal yaşandığı iddia olunur.

ANS PRESS Səud ailəsi barədə bəzi tarixi məlumatları oxucularına təqdim edir:

Bu günkü Səud ailəsinin mənşəyi XVIII əsrdə yaşamış Məhəmməd bin Səuda dayanır. Səudun Əbdüləziz və Abdullah adlı iki oğlu olub. Əbdüləzizin soyundan gələnlərə 1-ci imam ailəsi, Abdullahın soyundan gələnlərə 2-ci imam ailəsi deyilir. Əbdüləziz 1-ci imam olsa da taxta həmişə Abdullahın nəvələri çıxıb.

Səudiyyə Ərəbistanı kralı taxta çıxarmaq üçün Osmanlı dövlətinin tətbiq etdiyi bir üsuldan istifadə edir. Bu üsula görə, taxta ailənin ən yaşlı kişisi çıxır. Səudiyyə Ərəbistanının ilk kralı olan və 1953-cü ildə vəfat edən Əbdüləzizdən indiyə qədər bu ölkədə 6 kral olub və Salman bin Əbdüləziz 7-ci kraldır. İlk kral Əbdüləziz Osmanlıların Nəcid bölgəsindəki canişini olub. Osmanlılar Hicazdan çəkildikdən sonra bu şəxs İngiltərənin yardımı ilə Məkkə ilə Taif ələ keçirib və Nəcid-Hicaz krallığını yaradıb. 1932-ci ildən etibarən isə ailənin adı ilə Səudiyyə Ərəbistanı kralı oldu.

Səud ailəsində ilk taxt-tac mübarizəsi isə kral Əbdüləzizin ölümündən sonra yerinə keçən Səud ilə qardaşı Faysal arasında başlayıb. Səud 1958-ci ildə taxtdan endirildi, 1960-cı ildə təkrar taxta çıxdı. 1964-cü ildə təkrar taxtdan endirilərək sürgünə göndərildi. Bu mübarizənin nəticəsini ailənin qurucusu olan Məhəmməd bin Səudun soyundan gələn “Sudayri” qəbiləsinin Faysalı dəstəkləməsi müəyyən etmişdi. Bunun qarşılığında sudayrilər dövlət daxilində qüvvət qazandı və bir çox stratejik mövqeləri də ələ keçirdilər. Sudayrilərin bu cür yüksəlməsi ailənin digər üzvlərini narahat edirdi.

Onların təsir qüvvəsini azaltmaq üçün 2006-cı ildə də taxta çıxacaq şəxsi müəyyən etmək üçün heyət yaradıldı. Bu heyət 2011-ci ildə kral Abdullahın vəliəhdi kimi şahzadə Nayefi təyin etdi. Amma Nayef 2012-ci ildə vəfat etdi. Bundan əvvəlki vəliəhd də kral Abdullahdan əvvəl ölmüşdü. Nəticədə kral Abdullahın özündən sonra taxta çıxmasını arzuladığı 2 şahzadə özündən əvvəl ölmüşdü. Yeni kral Salman isə heyət tərəfidən vəliəhd kimi təyin olunmuşdu.

Yeni kral Salmanın da “Sudayri” qəbiləsinin mənsubu olduğu, Əbdüləzizin uşaqlarının qeyri-müəyyən müddətə qədər yenə də taxtdan uzaq qaldıqları bildirilir. Daha kritik addım isə şahzadə Mukrinin heyət tərəfindən vəliəhd seçilməsidir. İddialara görə, onu da böyük qardaşı kral Abdullah təyin etdirmişdi. Mukrin ilk kral Əbdüləzizin ən kiçik övladıdır və anası qulluqçu olduğundan onun kral ola bilməyəcəyi iddia olunmuşdu. Yeni kral Salmanın 79 yaşında və səhhətində də problemlər olduğunu nəzərə alsaq Mukrinin çox yaxın zamanlarda taxta çıxması gözlənilir.

Qeyd edək ki, Səud ailəsi təxminən 15 000 nəfərdən ibarətdir və onların 5 mini şahzadələrdir.

Hazırda Səudiyyə Ərəbistanında siyasi tarazlıqlar çox həssasdır və gələcəkdə taxt-yac uğrunda mübarizələrin başlayacağı güman olunur.
Mənbə
“Takvim”



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=47&nid=322320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR