Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində sənətkarın xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Konsert Mədəniyyət və Turizm Nazirliyi və muzeyin birgə təşkilatçılığı ilə reallaşacaq.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bəstəkarın klassik musiqi əsərlərindən ibarət kamera musiqisi səslənəcək. Daha sonra sənətkara həsr edilmiş rəsm əsərlərindən ibarət "Üzeyir Hacıbəyli təsviri incəsənətdə" adlı sərginin açılacağı da planlaşdırılır.
Qeyd edək ki, sənətkarın musiqi irsinin və möhtəşəm publisistik əsərlərinin təbliği məqsədilə təşkil olunan konsertdə bir sıra gənc ifaçıların repertuarında müxtəlif musiqi nömrələri səsləndiriləcək.