x
Loading...
.

Ramiz Novruz: "Qalmaqal hesabına məşhur olmaq istəyirlər"

Ramiz Novruz: "Qalmaqal hesabına məşhur olmaq istəyirlər"
13:27 7 Sentyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+
.

Milli.Az Akademik Milli Dram Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Ramiz Novruzun movqe.az-a müsahibəsini təqdim edir. 

- Ramiz müəllim, Azərbaycan incəsənətində gənc aktyorlara daha çox yer verilməsinin səbəbini nədə görürsünüz?

- Ümumiyyətlə, sənəti yaşlı və gənc təbəqəyə bölmürlər. Mən özüm də gənc aktyorlardan biriyəm. Ola bilər ki, bu təbəqələşmə rollara görə bölünsün. Əgər rol gənc nəsil tələb edirsə, aydın məsələdir ki, orada gənclərə daha çox yer verilir. Bunu, həmçinin də yaşlı nəsilə aid etmək olar. Onu da qeyd etmək lazımdır ki, yaradıcı, daxili gözəl olan aktyorlarda yaşlanmaq yox, köhnəlmək kimi xüsusiyyətlər olur. Əsas odur ki, sənətini sevib, ona bağlanmağı bacarasan. Bu zaman aktyor özünü köhnəlmiş kimi deyil, daima gənc hiss edir. Mənə daha çox təcrübəsiz olan gənclərin bu sənətdə yer tutması maraqlı gəlir. Hərdən fikirləşirəm ki, onlar yaradıcı heyəti necə inandıra biliblər ki, onlara etibar edirlər. 

- Gənclərin peşəkarlığı hansı səviyyədədir? Tanınmış aktyor kimi nəticələrdən razısınız?

- Mən hər zaman qeyd etmişəm ki, Azərbaycan incəsənətində istedadlı, bacarıqlı gənc aktyorlar olduqca çoxdur. Sadəcə həmin aktyorları düzgün istiqamətləndirməyi bacarmayan rejissorlar var. Yalandan rejissor adını mənimsəmiş insanlar çoxdur. Həmin insanlar da bu sənətdə durğunluq yaradır. Məsələn, çəkildiyim " Pərvanələrin rəqsi" adlı serialda onlarla tanınmayan, lakin istedadlı gənclər də mənimlə bir yerdə işləyirdi. Hal-hazırda "Bacanaqlar", "Qız atası", "Bozbash Pictures" kimi seriallar çəkilir və qeyd edə bilərəm ki, oradakı gənc aktyorlar olduqca bacarıqlı insanlardır. Əgər bir il ərzində bir-iki serialımız uğur qazansa, bu bizim üçün böyük nəticədir. Çünki şedevr əsərlər hər zaman olmur. 

- Artıq neçə illərdir ki, bu sənətdəsiniz. Sizə lazımınca qiymət verilirmi?

- Hesab edirəm ki, lazımınca dəyər verilir. Bəziləri kimi hansısa nailiyyət, dəyər arxasınca qaçan olmamışam. Çalışmışam ki, başımı aşağı salıb, öz işimlə məşğul olum. Səmimi olaraq deyə bilərəm ki, heç bir zaman gözləməmişəm ki, nə zamansa, mənə də "Xalq artisti" və yaxud da "Prezident təqaüdçüsü" adı verilsin. Çünki, səbr etmək və doğru zamanı gözləmək ən gözəl üsuldur. (gülür)

- Korifey sənətkarlarımızı itirdikdən sonra Azərbaycan incəsənətində durğunluq yarandı?

- Dünən gecə həmin sənətkarlardan biri, xalq artisti İlham Əsgərovu itirdik. Aldığım bu xəbər məni çox məyus etdi. Allahdan ona rəhmət, yaxınlarına səbr diləyirəm. Durğunluğa gəldikdə isə, o nəinki həmin sənətkarları itirdikdən sonra, həmçinin onların zamanında və onlardan əvvəl də baş verirdi. Məsələn, komediya janrından bəhs etsək, deyə bilərəm ki, indiki gənc aktyorlar bacarıq cəhətdən qocaman aktyorlardan heç də geri qalmır. Sadəcə, keçmiş nəsillə indiki nəsil arasında ideologiya fərqi var. Bizim tamaşaçılarda olan pis xasiyyətlərdən biri də odur ki, daima keçmiş aktyorları nümunə kimi göstərirlər. Mən bunu düzgün qiymətləndirmirəm. Gənc nəsili də müəyyən dərəcədə ruhlandırmaq lazımdır. Yadıma gəlir, o zamanda indi korifey dediyimiz sənətkarlara deyirdilər ki, bundan sonra nə kino çəkəcəyik. Amma zaman gəldi həmin sənətkarlar Azərbaycan kinosunun inciləri oldu. Bəlkə indiki gənclər də gələcək nəsil üçün korifey olacaq. Ona görə əməyə qiymət verməyi bacarmalıyıq (kövrəlir).

- Səhnədə hansı səhvləri gördükdə sizi məyus edir?

- Ən böyük səhvlərdən biri odur ki, nəyin hesabına olursa, olsun populyar olmağa cəhd edirlər. Düşünmürlər ki, ilk növbədə sənətini sevməli, ona qiymət verməyi bacarmalıdır. Bu zaman sənin izləyicilərin də səni sevəcək və hörmət edəcək. Çox zaman qalmaqal hesabına bu sənətdə öz yerini göstərmək istəyən insanlar peyda olur. Bu da məni məyus edən hallardan biridir. Mən heç bir zaman qalmaqal hesabına məşhur olmaq istəməmişəm. Buna görə də Allah hər zaman özü mənim mükafatımı göndərir (gülür).

- Hansı rolu oynayarkən özünüzü, sanki, o rolun prototipi hesab edirsiniz?

- Sevdiyim rollar olduqca çoxdur. Mən konkret olaraq bir janrda oynayan aktyor deyiləm. "Yaşlı xanımın gəlişi", "Xəcalət" tamaşaları mənim ən sevdiyim tamaşalar sırasındadır. O rolları oynayarkən sanki özümü tapıram. Ümumiyyətlə desək, sevdiyim rollar kimi sevmədiyim rollar da çoxdur.

- Bəs özünüzü bənzətdiyiniz aktyor var?

- Özümü bənzətdiyim konkret aktor yoxdur. Amma məni daha çox SSRİ xalq artisti Mixail Ulyanova bənzədirlər (gülür).

- Film və serialllarda çatışmayan cəhətlər hansılardır?

- Çatışmayan cəhətlərdən ən başlıcası qeyri-peşəkar rejissorlardır. Çünki onlar aktyorları düzgün istiqamətləndirməyi bacarmır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/367505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR