Xalq artisti İlham Əsgərov vəfat edib

Xalq artisti İlham Əsgərov vəfat edib
15:23 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC 
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr sənətinin tanınmış nümayəndəsi, respublikanın xalq artisti, Prezident mükafatçısı İlham Əsgərov sentyabrın 6-da qəflətən vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
İlham Əsgərov 1958-ci il iyulun 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İ.Əsgərov ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. “Közərən ocaqlar”, “İblis”, “Atabəylər”, “Büllur sarayda”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Qarabağnamə”, “Hökmdar və qızı”, “Fəryad”, “Qaraca qız” və.s tamaşa və filmlərdə böyük ustalıqla yaratdığı obrazlar sənətkarın milli teatrımızın tarixindəki mühüm rolunun göstəricisidir.
Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 2000-ci ildə əməkdar artist, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görüb, 2005-ci ildə Prezident mükafatçısı olub.
Unudulmaz sənətkar, gözəl insan İlham Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi aktyor İlham Əsgərovun vəfatı ilə əlaqədar başsağlığı verir.
Allah rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_artisti_Ilham_Asgerov_vefat_edib-882659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR