Bakı, 7 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Rusiya və Türkiyə “Türk axını” qaz boru kəməri layihəsi üzrə ilk xəttinin inşası ilə bağlı razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un vitse-prezidenti Aleksandr Medvedev məlumat verib. O bildirib ki, Rusiya təbii qazını Türkiyədən keçməklə Avropaya daşıyacaq “Türk axını” layihəsinin ilk kəmərinin inşası ilə bağlı rəsmi Ankara ilə razılıq əldə olunub.
Türkiyənin “Türk axını”nın 2-ci, 3-cü və 4-cü boru kəmərlərindən imtina etmədiyini deyən A.Medvedev layihənin Avropanın tələblərinə uyğun inkişaf etdiriləcəyini qeyd edib.
Layihə üzrə ilk boru kəmərinin 4,3 milyard avroya başa gələcəyi, ümumilikdə 4 kəmərin isə 11,4 milyard avro dəyərində olduğu bildirilir.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.
Aleksandr Medvedev: Rusiya ilə Türkiyə “Türk axını” layihəsi üzrə razılığa gəliblər