Göyçay, 8 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi uğurla davam etdirilir.
İrsi xəstəliklərin, xüsusilə də anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısını almaq məqsədilə tibbi müayinələrin aparılması üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasında lazımi şərait yaradılıb. Xəstəxananın baş həkiminin müavini Ləman Hacıyeva AZƏRTAC-ın müxbirinə bildirib ki, həkimlər hematoloji analizator, reaktivlər və müvafiq tibbi ləvazimatlarla təmin olunublar. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri xəstəxanada talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirilir. Müayinədən sonra cütlüklərə ayrı-ayrılıqda məlumatlar verilir və onlarla tibbi genetik, tibbi psixoloji və ailənin planlaşdırılması ilə bağlı söhbətlər aparılır. Götürülən qan nümunələrinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna çatdırılması üçün xüsusi qan xidməti avtomobili ayrılıb.
Baş həkimin müavini qeyd edib ki, Göyçayda ailə qurmağa hazırlaşan gənclər icbari tibbi müayinədən həvəslə keçirlər. Artıq iyunun 1-dən indiyədək rayon üzrə 254 cütlük tibbi müayinə üçün xəstəxanaya müraciət edib. Hələlik həmin cütlüklər arasında daşıyıcı xəstəliklər aşkarlanmayıb.
“Bu tibbi müayinələrin vacibliyini hər kəs başa düşməlidir. Ölkəmizdə uşaqlar talassemiya xəstəliyindən əziyyət çəkirlər. Bəzən isə irsi xəstəliklərə görə körpələr ana bətnində, yaxud da doğularkən ölürlər. Ümid edirik ki, nikahdan öncə aparılan müayinələrin yaxın gələcəkdə müsbət nəticələri olacaq. Talassemiyalı, eləcə də irsi xəstəliyi olan körpələrin doğulması faktı aradan qalxacaq və ölkəmizdə sağlam ailələrin sayı artacaq”,-deyə L.Hacıyeva bildirib.