Daşkənd, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki "uchildiz.uz" portalında azərbaycanlı alimi, fəlsəfə elmləri doktoru Cabbar Məmmədovun "О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви" adlı məqaləsi yer alıb.
Materialda böyük filosof şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, "Xəmsə"nin dünya mədəniyyətinin inciləri sırasına düşdüyü qeyd olunur. Məqalədə deyilir ki, böyük şairin bu əsərlərinə Azərbaycan, türk, fars, ərəb, özbək və digər dillərdə yüzdən artıq nəzirə yazılıb.
Qeyd olunur ki, Nizami Gəncəvinin yaradıcılığı ancaq Şərqin deyil, həm də Qərb dünyasının sərvətidir. Haqlı olaraq böyük düha sahiblərindən biri Nizami Gəncəvini bütün xalqların və bütün zamanların dahi şairi adlandırıb. Vurğulanır ki, Nizaminin əsərlərinə çəkilmiş illüstrasiyalar Londondakı Britaniya, Parisdəki Luvr muzeylərində, İstanbuldakı Topqapı, Moskvadakı Tretyakov qalereyalrında və digər yerlərdə saxlanılır.
Məqalə tarixi faktlara əsaslanaraq Nizami Gəncəvinin doğulduğu və yaşadığı yer haqqında araşdırmanı da özündə əks etdirir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd