Bakı, 8 sentyabr, AZƏRTAC
“Sbornaya Baku” ŞHK komandası bu günlərdə Rusiyanın Birinci kanalında efirə gedən KiViN musiqi festivalına dəvət edilən yeganə Premyer-Liqa komandasıdır.
Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda komanda sentyabrın 15-də Rusiyanın şimal paytaxtında keçiriləcək Sankt-Peterburq qubernatoru Kubokuna hazırlaşır. “Sbornaya Baku” TV-layihələr üzrə bir sıra təkliflər, o cümlədən xarici ölkələrdən təkliflər alıb. Lakin komandanın əsas məqsədi 2016-cı ildə Ali liqada iştirak etməkdir.
“Sbornaya Baku” komandasının direktoru Cavid Şaxbazbəyov ŞHK-çılarımızın müvəffəqiyyətli çıxışını şərh edərək deyib: “Bu çıxış mövsümün məntiqi sonu oldu. Axı, “Sbornaya Baku” “Qolosyaşşiy KiViN - 2015”ə dəvət edilən yeganə Premyer-Liqa komandasıdır. Rəqabət çox ciddi oldu. Hətta ötən mövsümdə Ali liqanın finalçıları olan “Fiztex” və “DALS” klubları da efirdə qala bilmədilər”.
C.Şahbazbəyov deyib: “Çıxış isə ayrı söhbətin mövzusudur. Bizim uşaqlar üzləşdikləri çətinliklərə baxmayaraq, müasir dövrün ən musiqili komandalardan biri olduqlarını isbat etdilər. Üç sutka maşında yol getdik, ümumən 9 min kilometr yol gət etdik. Ssenariləri elə yolda yazırdıq və məşq edirdik. Uşaqlar komandanın kapitanı Rəşad Əzizovun rəhbərliyi mümkün olan və olmayan hər şeyi etdilər. Nəticədə onların zəhməti hədər getmədi”.
Komanda Azərbaycan Gənclər və İdman Nazirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və onun sədri Leyla Əliyevanın dəstəyi olmadan uğur qazana bilməzdi.