Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qaraciyər xəstəliklərinin diaqnostikası və hepatitlərin müayinəsində “Fibroscan” aparatının istifadəsi” adlı elmi-praktiki seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda çıxış edən klinikanın direktoru, professor Surxay Musayev “Fibroscan” aparatının ən son model olduğunu deyib. O, qaraciyər xəstəliklərinin müayinə və müalicəsi üçün tələb olunan ən son texnologiyaların klinikada mövcud olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.
Ahmet Alper Öztürk isə “Fibroscan” aparatının işləmə mexanizmi haqqında məlumat verib. Bildirilib ki, cihaz ultrasəs dalğaları vasitəsilə qaraciyərin qalınlığının ölçülməsində, qaraciyər serrozunun biopsiya götürülmədən müayinəsində, hepatit viruslarının aşkar olunmasında effektiv üstünlüklərə malikdir.
Yeni texnologiyaları özündə cəmləyən cihaz müayinələr zaman 81 faiz dəqiqliklə nəticə almağa imkan verir. Beləliklə, ATU-nun Tədris Terapevtik Klinikası ölkəmizdə qaraciyər xəstəliklərinin diaqnostikasına dair bütün növ ən müasir radioloji və laborator, o cümlədən biokimyəvi, molekulyar genetik müayinə metodlarının bir arada olduğu yeganə mərkəzdir.
Tədbirin sonunda seminar iştirakçılarının yeni cihazla bağlı sualları cavablandırılıb.

