Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Masallı rayonunda bölgədəki Mədəniyyət Mərkəzlərinin rəhbərləri üçün səyyar seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminarda Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının Mədəniyyət mərkəzlərinin direktorları, metodistləri, aparıcı mədəniyyət evlərinin və klubların rəhbərləri iştirak ediblər.
Seminarda Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli nazirliyin “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” strategiyası, Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsinin tətbiqi, Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri (filialları ilə birlikdə) tərəfindən məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydaları və digər mövzularda ətraflı məlumat verib.
Nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin aparıcı məsləhətçisi Vüqar Məmmədov şəhər (rayon) mədəniyyət mərkəzlərinin fəaliyyətlərinin təşkili ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib.
Sonda mədəniyyət mərkəzlərinin direktorlarına növbəti mərhələdə görüləcək işlərə dair tapşırıqlar verilib və mövzu ətrafında müzakirələr aparılıb.
Masallı rayonunda bölgədəki Mədəniyyət Mərkəzlərinin rəhbərləri üçün səyyar seminar təşkil olunub