Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq ötən ay ərzində təmir-tikinti işləri ilə əlaqədar yaşayış məntəqələrində 12 min 479 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilib, 234 yeni nömrə istismara verilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 3 ümumi və 17 fərdi qrup yaradılıb. Bundan əlavə, genişzolaqlı internetə artan tələbat nəzərə alınaraq, Babək rayonunun Şəkərabad və Ordubad rayonunun Unus kəndlərinin hər birində 48 portluq əlavə, Babək rayonunun Nəhəcir, Ordubad rayonunun Üstüpü və Çənnəb kəndlərinin hər birində 48 abunəlik yeni DSLAM avadanlıqları quraşdırılarib.
“Naxtel” simsiz rabitə operatorunun abunəçiləri yaxın gələcəkdə texnologiyanın ən son yeniliklərindən olan 4G mobil rabitəsindən istifadə edə biləcəklər. Bu məqsədlə muxtar respublika ərazisində 4G şəbəkəsi yaradılır. Ötən ay bu istiqamətdə işlər uğurla davam etdirilib, 20 məntəqədə baza stansiyaları qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində işlər növbəti aylarda da davam etdiriləcək, qış aylarında rabitə xidmətinin fasiləsiz və nümunəvi təşkili təmin olunacaq.