Bakı, 14 sentyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında(TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə, oktyabrın 5-dən etibarən (2015/2016-cı tədris ili üçün) fənlər üzrə elmi-metodiki seminarlar işə başlayacaq.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayacaq və eyni qrafiklə fəaliyyət göstərəcək.
Seminarlarda iştirak etmək istəyənlər TQDK-ya, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Dekabrın 30-dək davam edəcək elmi-metodiki seminarların iş planı və iş qrafiki ilə http://tqdk.gov.az/news/monitoring/1555/ linkində tanış olmaq olar.
Elmi-metodiki seminarlar Bakı, Abdulvahab Salamzadə küçəsi, 28, Asiya Universitetinin binasının 4-cü mərtəbəsindəki akt zalında təşkil olunacaq.