Düşənbə, 15 sentyabr, AZƏRTAC
Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sammiti çərçivəsində Tacikistan Prezidenti Emamali Rahmon Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qəbul edib.
Görüşdə iki ölkə arasında hərbi-siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Danışıqlarda Əfqanıstanda və Yaxın Şərqdə vəziyyət və bunun Mərkəzi Asiya regionuna neqativ təsiri, bununla bağlı ikitərəfli və çoxtərəfli fəaliyyətin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Nursultan Nazarbayev deyib ki, Tacikistan Qazaxıstanın strateji tərəfdaşıdır və bütün imkanlardan istifadə olunmaqla əlaqələr bu istiqamətdə davam etdiriləcəkdir.
Görüşdə tacik əmək miqrantlarının hüquq və maraqlarının qorunması, müvəqqəti yaşadıqları ölkələrdə onlar üçün münasib şəraitin yaradılması məsələləri də diqqət mərkəzində olub.
Görüşün yekunları ilə bağlı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində altı sənəd imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə