Qazax,15 sentyabr, AZƏRTAC
Qazax rayonunun ümumtəhsil məktəblərində Bilik günü geniş qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə çıxış edənlər müəllim və şagirdləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik ediblər. Bildirilib ki, rayonun ümumtəhsil məktəblərinə bu tədris ilində 1250 şagird birinci sinfə qəbul olunub.
Məlumat verilib ki, son on ildə rayonda 7060 şagird yerlik 24, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1100 şagird yerlik 4 yeni məktəb binası inşa olunub, 7442 şagird yerlik 14 məktəb binası əsaslı təmir edilib, 360 yerlik 2 məktəbdə bərpa-gücləndirmə işləri aparılıb.
Bundan əlavə, hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçası və 20 yerlik bir uşaq bağçası tikilib istifadəyə verilib.
Bu il rayon məzunlarından 520 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 290 nəfəri ali, 55 nəfəri orta ixtisas təhsili məktəblərinə, 9 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunub.