Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrin 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 88-ci teatr mövsümünün ilk tamaşaları nümayiş etdiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, H.K.Andersenin "Çirkin ördək balası" və U.Şekspirin "Romeo və Culyetta" tamaşaları göstəriləcək.
Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları əməkdar artistlər-Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər.
İki hissəli məhəbbət faciəsi olan "Romeo və Culyetta" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf,
Rusiyanın Əməkdar İncəsənət Xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, Qurban İsmayılov, Məhərrəm Musayev, Elnur Hüseynov və başqaları ifa edəcəklər.
Sentyabrın 20-də isə yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış "Miras" tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, Əməkdar Artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Səhnə əsərində əsas obrazları əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev və başqaları ifa edəcəklər.








