Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 22-si "ADA" Universitetinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi (GİN) və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsinin yekun konfransına keçiriləcək.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, sonra isə layihənin hesabatı dinləniləcək.
Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq.
Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunacaq.
Qeyd olunub ki, "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsi gənclərin potensialını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.