Bakı, 18 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 18-də başa çatıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 18-də-səfərin sonuncu günü isə Dubay nümayəndə heyəti Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, bu təşkilatın Regional Kinoloji və Regional Tədris mərkəzləri, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyası və “Azərterminalkompleks” Birliyi ilə tanış olub.
DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində qonaqlara bildirilib ki, ofis 2011-ci ilin oktyabrında istifadəyə verilib və onun rəsmi açılış mərasimində DGT-nin baş katibi Kunio Mikuriya iştirak edib. Avropa regionu və MDB üzrə 51 ölkənin gömrük xidmətinin modernləşdirilməsi işinə xidmət göstərən ofisdə yerli və xarici mütəxəssislər çalışır.
Sonra DGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinə baş çəkən nümayəndə heyətinə məlumat verilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin bazasında yaradılan bu obyekt 2003-cü ildən fəaliyyət göstərir. Bu il sentyabrın 7-də isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin DGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dünya Gömrük Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Elə həmin tarixdə DGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə DGT-nin baş katibi Kunio Mikuriya iştirak edib.
Qeyd edilib ki, mərkəzdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, partlayıcı maddələrin və silah-sursatın axtarışı, eyni zamanda, mühafizə işləri və zəlzələ zamanı dağıntılar altında qalan insanların aşkar edilməsi üçün xidməti itlərə təlimlər keçirilir. Burada eyni vaxtda 100 xidməti itin saxlanılmasına, hazırlanmasına, onların baytar müayinəsindən keçirilməsinə və müalicəsinə imkan var.
DGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzi ilə tanışlıq zamanı isə məlumat verilib ki, 2003-cü ilin sentyabrından fəaliyyətə başlayan Mərkəzdə indiyədək bir sıra beynəlxalq və regional tədris kursları keçirilib, seminarlar, treninqlər təşkil olunub. Burada müxtəlif ölkələrdən və Azərbaycanın bölgələrindən gələn müdavimlərin rahatlığının təmin edilməsi üçün otel tipli yataqxana, idman zalı, iaşə obyektləri, tibb otağı da fəaliyyət göstərir.
DGK-nın Akademiyasında olan qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağı 2012-ci ilin yanvarında təsis edilib, ilk tələbə qəbulu isə 2014-cü ildə həyata keçirilib. Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.
DGK-nın “Azərterminalkompleks” Birliyinin inzibati binasında isə nümayəndə heyəti Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə muzeyi və Gömrük Tarixi Muzeyi ilə tanış olub.
Xatırladaq ki, ölkəmizə üçgünlük səfər zamanı qonaqlar əvvəlcə Dövlət Gömrük Komitəsində görüş keçirib, komitənin “Hədəf” mərkəzi və hospitalı ilə tanış olub, həmçinin Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna baş çəkiblər.
Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb