Tokio, 19 sentyabr, AZƏRTAC
Yaponiya parlamentinin yuxarı palatası sentyabrın 18-də axşam səs çoxluğu ilə özünümüdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsi barədə qanunu qəbul edib. Beləliklə, II Dünya müharibəsi qurtardıqdan sonra ilk dəfə ölkənin özünümüdafiə qüvvələrinin hərbiçilərinə yalnız Yaponiyanın özünə qarşı deyil, digər “dost ölkəyə” hücum olacağı təqdirdə silah tətbiq etmək səlahiyyəti verilib. Bu il yayın əvvəllərində parlamentin aşağı palatası bu barədə qanun layihələrini bəyənmişdi.
Həmin qanun layihələrinin müzakirələri parlamentin cari sessiyası boyunca davam etdirilmiş, hətta sessiyanın işi bir neçə ay uzadılmışdı. Müxalifət bu qanun layihələrinin qəbulunun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etmiş və az qala parlamentdə dava salmağa da yaxın olmuşdu.
Müdafiə sahəsində qəbul olunan yeni qanun qoşunların BMT qüvvələri tərkibində xaricdə aparılan əməliyyatlarda iştirakı zamanı mövcud olmuş məhdudiyyətləri də aradan qaldırıb. Belə ki, yapon hərbiçiləri bundan sonra həmin əməliyyatlar zamanı silah tətbiq etmək hüququna malik olacaqlar. Qanun, həmçinin özünümüdafiə qüvvələrinin bölmələrinə yalnız ABŞ deyil, digər “dost ölkələrin” hərbiçilərinə logistika xidməti göstərmək hüququ da verir. Lakin qanunda həmin dairəyə daxil olan dövlətlərin adları göstərilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio