Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 88-ci teatr mövsümünün açılışı olub. Teatr mövsümü Danimarka yazıçısı Hans Kristian Andersenin "Çirkin ördək balası" tamaşası ilə açıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov teatrsevərləri salamlayaraq yeni mövsümdə görüləcək işlərdən söz açıb. Bildirib ki, ötən mövsümlərdə olduğu kimi, bu dəfə də teatr yeni tamaşalarla tamaşaçıların görüşünə gələcək. Bir sözlə yeni mövsüm rəngarəng proqramla zəngindir. İnanırıq ki, teatrın təqdim edəcəyi səhnə əsrləri hər bir kəsin ürəyincə olacaq.
Daha sonra balacaları salamlayan teatrın baş rejissoru Bəhram Osmanov yeni mövsümdə görüləcək işlərdən, hazırlanacaq tamaşalarda söz açıb.
Sonra Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları əməkdar artistlər - Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova və başqaları ifa ediblər.
Qeyd edək ki, bu gün həm də teatrda U.Şekspirin "Romeo və Cülyetta" tamaşaları göstəriləcək.
İkihissəli məhəbbət faciəsi olan "Romeo və Cülyetta" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın Əməkdar İncəsənət Xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, Qurban İsmayılov, Məhərrəm Musayev, Elnur Hüseynov və başqaları ifa edəcəklər.
