Sabirabad, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunun qazlaşdırılması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 33 kənd qazlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına 1903 nəfər əhalinin yaşadığı Poladtoqay kəndi də əlavə olunub. 350 abonenti olan kənddə müxtəlif diametrli poletilen və metal borularla birpilləli sistem üzrə 43 min 876 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzildə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov kənd sakinlərini təbrik edib və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirilib ki, cari ilin əvvəlindən bəri rayonun 18 kəndinə “mavi yanacaq” verilib. Hazırda daha 18 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi aparılır. Onların 13-də işlər artıq başa çatmaq üzrədir. Yaxın günlərdə həmin kəndlərin əhalisi də təbii qazdan istifadə edə biləcək. İlin sonunadək rayonun qəsəbə və kəndlərinin 75-80 faizinin qazlaşdırılması nəzərdə tutulub.
Mərasimdə çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sabirabadın təbii qaz verilən yaşayış məntəqələrinin sırasına Poladtoqay kəndi də əlavə olundu