Bakı, 29 yanvar, AzərTAc
Avropa İttifaqını (Aİ) dünyada baş verən qlobal iqtisadi proseslər fonunda ciddi dəyişikliklər gözləyir. Bu fikri Avropa Komissiyasının sədri Jan-Klod Yunker səsləndirib.
AzərTAc Le Figaro qəzetinə istinadla xəbər verir ki, 30 ildən sonra Aİ ölkələrindən heç birinin aparıcı ölkələrin klubu olan G7-yə üzv ola bilməyəcəyini bildirən Jan-Klod Yunker 1900-cü ildə Avropada dünya əhalisinin 20 faizinin yaşadığını, 2100-cü ildə isə bu göstəricinin cəmi 4 faiz olacağı proqnozunu xatırladıb.
Bu baxımdan Yunanıstanın avrodan imtina etmək və Avropa İttifaqından mümkün çıxışı ilə bağlı möhtəkirliyi qeyri-qənaətbəxş hesab edən Avropa komissiyasının sədri onsuz da ən kiçik qitəni parçalamaq haqqında düşüncələrin vaxtı olmadığını vurğulayıb.
Eyni zamanda Yunanıstanın borcunun silinməsinin qeyri-mümkün olduğunu qeyd edən Jan-Klod Yunker avro zonanın digər ölkələrinin bununla razılaşmayacağını da diqqətə çatdırıb.
“Biz Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşırıq, onlar da digər ölkələrə hörmətlə yanaşmalıdır. Yeni razılaşmalar mümkündür, lakin bu razılaşmalar köklü dəyişikliklərə səbəb olmayacaq” – deyə sədr əlavə edib.