Bakı, 25 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Mərkəzin
xidmətlərindən istifadə etmək üçün indi bütün telefonlar vasitəsi ilə birbaşa 195 nömrəsinə zəng edərək, “2” düyməsini yığmaq kifayətdir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, stasionar telefonlardan “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş iş günlərində saat 9.00-dan 18.00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.
Nazirliyin Çağrı Mərkəzi indiyədək 37 mindən çox müraciət qəbul edib. Müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb. Araşdırma tələb edən müraciətlərə isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.